Dünya bazarları FED in qərarını gözləyir

28.10.2026

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) bu gün, oktyabrın 28-də keçiriləcək iclasının yekununda uçot dərəcəsini dəyişməyəcəyi gözlənilir. İnflyasiyanın hədəfdən yüksək qalmasına baxmayaraq, maliyyə bazarları FED-in sentyabr ayında faizləri artırdıqdan sonra oktyabrda fasilə verəcəyini proqnozlaşdırır.

Marja.az xəbər verir ki, CME Group-un “FedWatch” alətinin məlumatlarına əsasən, investorlar Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün faiz dərəcəsini yenidən artırması ehtimalını 10 faizdən aşağı qiymətləndirirlər.

FED sentyabr ayında uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75–4,00 faiz intervalına yüksəldib. Bu qərar 17 sentyabr 2026-cı ildə qüvvəyə minib. Bazar iştirakçılarının gözləntiləri doğrularsa, FED-in əsas faiz dərəcəsi 3,75–4,00 faiz intervalında saxlanılacaq.

Bununla belə, ABŞ-da inflyasiyanın FED-in 2 faizlik hədəfindən yüksək olması pul-kredit siyasətinin daha da sərtləşdirilməsi ehtimalını gündəmdə saxlayır.

ABŞ-da sentyabr ayında illik inflyasiya 3,7 faiz təşkil edib. Bu göstərici avqustdakı 3,4 faizdən yüksəkdir. İnflyasiyanın sürətlənməsi FED-in qiymət sabitliyini təmin etmək məqsədilə növbəti aylarda əlavə faiz artımına getməsi ehtimalını gücləndirir. 

İnvestorların diqqəti FED sədri Kevin Uorşın (Kevin Warsh) açıqlamalarına yönəlib

Faiz qərarının dəyişməz qalacağı təqdirdə əsas diqqət FED sədri Kevin Uorşın iclasdan sonra keçirəcəyi mətbuat konfransına yönələcək. İnvestorlar onun inflyasiyanın dinamikası, iqtisadi artım və gələcək faiz qərarları barədə verəcəyi siqnalları diqqətlə izləyəcəklər.

Hazırda bazarlarda FED-in oktyabr iclasında faizləri dəyişməyərək dekabr ayında yenidən artıracağı gözləntisi üstünlük təşkil edir.

Maliyyə bazarlarının qiymətləndirmələrinə əsasən, dekabrın 8–9-da keçiriləcək növbəti iclasda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılması ehtimalı yüksəkdir. Bu ssenari reallaşarsa, FED-in əsas faiz dərəcəsi 4,00–4,25 faiz intervalına yüksələcək. Bununla belə, yekun qərar inflyasiya və məşğulluq göstəricilərindən, eləcə də ABŞ iqtisadiyyatındakı vəziyyətdən asılı olacaq.

FED-in bugünkü qərarı Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq. FED sədri Kevin Uorşın mətbuat konfransı isə saat 22:30-da başlayacaq.

FED-in qərarı ABŞ dollarının məzənnəsi, dövlət istiqrazlarının gəlirliliyi, qızılın qiyməti və beynəlxalq maliyyə bazarları üçün mühüm əhəmiyyət daşıyır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью