Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bu gün futbol azarkeşlərinin diqqəti ABŞ-da keçirilən 2026-cı il dünya çempionatının həlledici oyununa yönələcək. Finalda Avropa çempionu İspaniya ilə Cənubi Amerika çempionu Argentina üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Final öncəsi diqqət çəkən maraqlı faktlar:
⚽ Tarixi qarşıdurma
Dünya çempionatları tarixində ilk dəfədir ki, Avropa çempionu ilə Amerika Kubokunun son qalibi dünya çempionatının finalında qarşılaşır.
⚽ Baş tutmayan "Finalissima"
Bu komandalar 2026-cı ilin yazında Qətərdə keçiriləcək "Finalissima" matçında görüşməli idilər. Lakin Yaxın Şərqdə yaranan hərbi gərginlik səbəbindən oyun təxirə salındı və baş tutmadı.
⚽ Messi və Yamalın qeyri-adi hekayəsi
2007-ci ildə "Barselona" və UNICEF-in xeyriyyə layihəsi çərçivəsində Lionel Messi balaca Lamin Yamalla fotosessiyada iştirak etmişdi. İllər sonra həmin uşaq dünya futbolunun ən parlaq ulduzlarından birinə çevrilərək Messi ilə dünya çempionatının finalında eyni meydanı bölüşəcək.
⚽ Müəllim və tələbə finalda
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente vaxtilə UEFA Pro kurslarında Lionel Skaloninin müəllimi olub. Bu gün isə onlar ən nüfuzlu futbol kuboku uğrunda rəqib kimi üz-üzə gələcəklər.
⚽ Yeni ənənə
FIFA ilk dəfə olaraq dünya çempionlarına xüsusi hazırlanmış fərdi çempion üzükləri təqdim edəcək. Bu ənənə ABŞ-ın NBA və NFL kimi peşəkar liqalarında uzun illərdir tətbiq olunur.
⚽ Meşə yanğınlarının təsiri
Kanadadakı iri meşə yanğınlarından yaranan tüstü Nyu-Yorkda havanın keyfiyyətini pisləşdirdiyi üçün finalın təxirə salınması ehtimalı da müzakirə edilmişdi. Lakin hava proqnozları yaxşılaşma göstərdiyindən FIFA oyunun planlaşdırıldığı vaxtda keçirilməsinə qərar verib.
⚽ Süni intellektin proqnozu
"Opta"nın superkompüteri İspaniyanı cüzi üstün hesab edir. Modelə görə, ispanların qalib gəlmək ehtimalı 56, argentinalıların isə 44 faizdir.
⚽ İllər əvvəl yazılan proqnoz
Sosial şəbəkələrdə 2021-ci ildə paylaşılmış bir mesaj yenidən gündəmə gəlib. Həmin paylaşımda 2026-cı il dünya çempionatının finalının məhz İspaniya–Argentina arasında keçiriləcəyi və hesabın 3:2 olacağı iddia edilirdi.
⚽ Uşaq kitabındakı maraqlı təsadüf
Turnir başlamazdan əvvəl nəşr olunan "The World's Game" adlı uşaq kitabında da finalçılar kimi İspaniya və Argentina göstərilib. Kitabın süjetinə görə, kuboku 2:1 hesabı ilə İspaniya qazanır.
⚽ Tarixi hədəflər
İspaniya ikinci dəfə dünya çempionu olmaq, Argentina isə tarixində dördüncü dəfə kuboku qazanmaq və ardıcıl ikinci dünya çempionluğunu rəsmiləşdirmək üçün meydana çıxacaq.
Bəs sizcə, futbol tarixinin bu möhtəşəm finalında kuboku hansı komanda başı üzərinə qaldıracaq – İspaniya, yoxsa Argentina?