Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Fənərbağça" azarkeşlərinin günlərdir həyəcanla gözlədiyi Nqolo Kante transferi reallaşıb.
Fanat.Az xəbər verir ki, İstanbul klubu ulduz yarımmüdafiəçi ilə 2028-ci ilin iyun ayına qədər müqavilə imzalayıb və transferi Türkiyə Futbol Federasiyasına (TFF) bildirib.
Fevralın 3-də sənədləşmə işlərində yaşanan texniki problemlər səbəbindən transferin təhlükəyə düşdüyü deyilsə də, klub rəhbərliyinin və futbolçunun israrlı səyləri nəticəsində bütün maneələr aradan qaldırılıb və ulduz oyunçunun lisenziyası çıxarılıb.
Dünya futbolunun ən yaxşı dayaq yarımmüdafiəçilərindən biri hesab olunan Kante karyerası ərzində inanılmaz uğurlara imza atıb. O, 2015-16 mövsümündə "Lester Siti" ilə, növbəti il isə "Çelsi" forması ilə ardıcıl iki dəfə Premyer Liqa çempionu olaraq tarix yazıb.
Fransa millisi ilə 2018-ci ildə Dünya Kuboku və 2021-ci ildə UEFA Millətlər Liqası zəfəri qazanan ulduz, "Çelsi" ilə həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kuboku qalibi olub. Son olaraq "Əl İttihad" ilə Səudiyyə Pro Liqası və Səudiyyə Kuboku çempionluqlarını kolleksiyasına əlavə edən 34 yaşlı təcrübəli ulduzun "Fənərbağça"ya gəlişi Türkiyə Super Liqasında "ilin transferi" kimi dəyərləndirilir.
Kamil Xudiyev