Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Dünən Milli Gimnastika Arenasında Bakı-2026 cüdo üzrə Dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu qeyd edib: “Dünya çempionatı bizim üçün yaxşı nəticələrlə yadda qaldı.
İlk növbədə, Azərbaycan Cüdo Federasiyası olaraq Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Sözsüz ki, dövlət başçısının yarışın 2-ci günündə, açılış mərasimində iştirakı və Dünya çempionatında komandamıza dəstək verməsi Azərbaycan Cüdo Federasiyası rəhbərliyi üçün qürur mənbəyi oldu. Eyni zamanda, növbəti günlərdə də mütəşəkkil fəaliyyətimiz üçün əlavə stimul oldu”.
R.Rəsullu federasiyanın əsas hədəfinin 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunları olduğunu vurğulayıb. Natiq qeyd edib ki, Azərbaycan Cüdo Federasiyası nəticələri yüksək qiymətləndirir. 7 çəkidən 5-də medal qazanmışıq. 5 idmançımız ilk dəfə mundialda medal qazandı. Bütün bunlar heyətin dərinliyini göstərir.
Federasiya rəsmisi ölkədə qadın cüdosunun vəziyyətinə diqqət çəkərək bu istiqamətdə görüləsi işlərə də toxunub. Qeyd olunub ki, federasiyada Azərbaycanda qadın cüdoçuların sayını artırmağı düşünür. Onun sözlərinə görə, belə olan halda, rəqabət artacaq və uğur qazanmaq bir qədər də yaxınlaşacaq.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli də Bakıdakı mundialın yüksək səviyyədə keçdiyini bildirib:
– Doğrudan da, idmançılarımız çox möhtəşəm və gözəl nəticələr əldə etdilər. “Doğma divarlar” arasında çıxış etmək bir tərəfdən rahat, digər tərəfdən isə çox çətindir. Rahatdır ona görə ki, doğma meydandır, azarkeşlərimiz yanımızdadır. Digər tərəfdən isə bu, müəyyən narahatlıq da yaradır. İdmançılar azarkeşləri, yaxınlarını görür və bu amil onların üzərində əlavə təzyiq yarada bilər. Bəzən bu, idmançıya mənfi təsir göstərir. Ona görə də hamını təbrik edirəm.
Azərbaycanın cüdo millilərinin performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman isə Uşanqi Kokaurinin (+100 kq) çıxışını xüsusi qiymətləndirib:
– Uşanqinin artıq kifayət qədər yaşı var. Eyni zamanda, təcrübəli idmançıdır. Son nəticəsi də bir daha göstərdi ki, dünya səviyyəli idmançıdır və hələ də Los-Anceles Olimpiadasına qatılmağı hədəfləyir. Çox şadıq ki, bu çəki dərəcəsində komandamız daxilində artıq rəqabət var. Uşanqi Kokauri Əbu-Dabidə keçiriləcək beynəlxalq yarışda iştirak etmək istəyir. O, hazırda komandada ən çox məşq edən idmançılarımızdan biridir. Buna görə də onun əldə etdiyi nəticə təsadüfi deyil.
Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən Dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.
Qabil YUSİFOĞLU
XQ