Dünya əsrin sonuna qədər 2,7 dərəcə istiləşə bilər

12.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bir təhlilə görə, mövcud siyasətlər davam edərsə, dünya əsrin sonuna qədər sənayeləşmədən əvvəlki dövrlə müqayisədə orta hesabla 2,7 dərəcə Selsi istiləşə bilər. Bu isə milyardlarla insanı ciddi iqlim təhlükələri ilə üz-üzə qoya bilər.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İqlim Fəaliyyətinin Monitorinqi (CAT) təşkilatının hesabatında bildirilib.

Proqnoz ötənilki 2,6 dərəcəlik göstəricidən bir qədər yüksəkdir. Belə istiləşmə ölkələrin Paris Sazişi çərçivəsində razılaşdırdığı 1,5 dərəcəlik hədəfin aşılması deməkdir. Alimlər xəbərdarlıq edirlər ki, temperaturun artması fırtınaları, quraqlıqları, istilik dalğalarını və daşqınları daha dağıdıcı edə bilər.

Hesabata əsasən, bütün ölkələr götürdükləri öhdəlikləri yerinə yetirsələr belə, əsrin sonuna qədər qlobal temperatur artımı 1,9 dərəcəyə çata bilər.

BMT-nin Baş katibi Antonio Quterreş hökumətləri fosil yanacaqlardan asılılığı azaltmaq üçün təcili tədbirlər görməyə çağırıb.

"Climate Analytic"s şirkətinin baş direktoru Bill Hare bildirib ki, hökumətlər ya iqlim böhranının ağır iqtisadi və sosial nəticələri ilə üzləşməli, ya da fosil yanacaqlardan istifadənin azaldılmasına və daha təmiz enerji mənbələrinə keçidə üstünlük verməlidirlər.

Bununla belə, hesabatda nikbinlik üçün müəyyən əsasların da olduğu vurğulanıb. Təmiz enerjiyə investisiyalar artıq fosil yanacaqlara yatırılan vəsaitdən iki dəfə çoxdur. Elektrikli avtomobillərin istifadəsi artır, Braziliyada isə Amazon meşələrinin qırılması əhəmiyyətli dərəcədə azalıb.

Hesabatın aparıcı müəllifi Sara Hek qeyd edib ki, hökumətlər qlobal istiləşmənin daha ağır nəticələrinin qarşısını almağa imkan verəcək siyasətləri kifayət qədər sürətlə həyata keçirmirlər.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью