Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
2023-2024-cü illərdə dünya üzrə çaylarda su axını və göl-su anbarlarındakı suyun həcmi kəskin azalıb. Alimlərin hesablamalarına görə, bu iki il ərzində qeydə alınan azalma 1991-ci ildən bəri heç bir ikiillik dövrdə müşahidə edilməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının alimlərinin araşdırmasına istinadən “Scientias” nəşri məlumat yayıb.
Tədqiqatçılar son 35 ilin göstəricilərini təhlil etmək üçün 150 böyük çay hövzəsində aparılan ölçmələri və 1,2 milyondan çox göl və su anbarının peyk görüntülərini araşdırıblar. Birbaşa ölçmə aparılmayan ərazilərdə isə kompüter modellərindən istifadə edilib.
Nəticələrə əsasən, 2023 və 2024-cü illərdə dünya çaylarından hər il orta göstəricidən təxminən 2 min kubkilometr az su axıb. Bu, normadan təxminən 6 faiz aşağı göstəricidir. Göl və su anbarlarında isə suyun həcmi 640 kubkilometr azalıb ki, bu da normadan 9,5 faiz aşağıdır. Müqayisə üçün qeyd edək ki, itirilən suyun həcmi Cenevrə gölünün ümumi tutumundan yeddi dəfədən çoxdur.
Su ehtiyatlarının ən böyük azalması Cənubi Amerikada qeydə alınıb. Bu qitədə çayların su axını normadan təxminən 18 faiz, göl və su anbarlarındakı suyun həcmi isə 16,5 faiz az olub. Amazon çayı hövzəsində son 40 ilin ən aşağı su axını müşahidə edilib.
Braziliyanın Manaus şəhəri yaxınlığından keçən Rio-Neqro çayında da vəziyyət kritik həddə çatıb. 2023-cü ilin oktyabrında çayın səviyyəsi 12,70 metrə düşərək 1902-ci ildən bəri ən aşağı göstəriciyə enib. 2024-cü ildə isə bu rəqəm 12,66 metrə qədər azalıb.
Maraqlıdır ki, bəzi bölgələrdə quraqlıq hökm sürdüyü halda, digərlərində dağıdıcı daşqınlar baş verib. Belə ki, Braziliyanın cənubunda 2024-cü ildə güclü daşqınlar qeydə alınıb. Belçika və Niderlandda da həmin dövrdə normadan xeyli artıq yağıntı düşüb.
Alimlər su ehtiyatlarının azalmasının əsas səbəblərindən biri kimi Sakit okeanda baş verən El-Ninyo iqlim hadisəsi ilə Şimali Atlantikanın tropik hissəsində qeydə alınan qeyri-adi istiləşmənin eyni vaxta təsadüf etməsini göstərirlər. Bu iki okeandakı temperatur dəyişiklikləri Cənubi Amerika üzərindəki hava axınlarına təsir edərək yağıntıların paylanmasını dəyişib.
Araşdırmaya görə, həmin illərdə dünyada ümumi yağıntı miqdarı azalmayıb. Lakin yağışların böyük hissəsi okeanların üzərinə düşüb, quru ərazilərdə isə yağıntılar azalıb. Bunun nəticəsində bəzi regionlarda ciddi su çatışmazlığı yaranıb.
Bununla belə, 2025-ci ildə çaylarda su axını təxminən əvvəlki normal səviyyəyə qayıdıb. Bu fakt alimlərə müşahidə olunan azalmanın yalnız qlobal istiləşmə ilə izah edilə bilməyəcəyini göstərir. Okeanlardakı temperatur dəyişiklikləri və atmosfer dövranı da mühüm rol oynayıb.
Tədqiqatçılar araşdırmanın müəyyən məhdudiyyətlərinin olduğunu da vurğulayırlar. Belə ki, real ölçmələr yalnız 150 çay hövzəsində aparılıb, digər ərazilər üzrə nəticələr isə kompüter modelləri əsasında hesablanıb. Buna görə də ikiillik göstəricilər uzunmüddətli tendensiya kimi qiymətləndirilməməlidir.
Alimlərin xəbərdarlığına görə, dünyada yağıntıların ümumi miqdarının artması və ya sabit qalması insanların istifadəsinə yararlı şirin su ehtiyatlarının da artacağı demək deyil. Xüsusilə Amazon hövzəsində bir neçə il davam edən quraqlıq meşələrin məhvinə, su buxarlanmasının azalmasına və nəticədə yağıntıların daha da zəifləməsinə səbəb ola bilər.
Aydın