Dünya iqlim böhranına qarşı birləşə bilmədi: COP31 fiaskosu

23.11.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə BMT-nin iqlim danışıqlarının uğursuzluqla nəticələnməsinə görə məsuliyyətin kimə aid olduğu ilə bağlı noyabrın 23-də mübahisələr başlayıb. Danışıqlara rəhbərlik edən Avstraliya nazirinin istefası tələb olunur. Qlobal istiləşmə təhlükəsi ilə ən çox üzləşən Sakit okean ada dövlətləri isə ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə kollektiv fəaliyyət göstərə bilməməsindən dərin məyusluqlarını ifadə ediblər.

2009-cu ildə Kopenhagendə keçirilən sammitdən bəri ilk dəfədir ki, BMT-nin iqlim konfransı yekun razılaşma əldə edə bilməyib. Avropa İttifaqı və digər tərəflər Səudiyyə Ərəbistanı və digər neft hasil edən ölkələrin təzyiqi nəticəsində qlobal istiləşmədə qalıq yanacaqların roluna dair heç bir müddəa nəzərdə tutmayan yekun sənədi qəbul etməkdən imtina ediblər.

Bu, BMT-nin ətraf mühit qurumunun qlobal temperatur artımının alimlərin ekstremal hava hadisələrinin intensivləşəcəyini proqnozlaşdırdıqları 1,5 dərəcə Selsi həddini keçəcəyini təsdiqləməsindən sonra keçirilən ilk konfrans idi. Ölkələrin birgə fəaliyyət göstərə bilməməsi COP çərçivəsində çoxtərəfli əməkdaşlıq prosesinin effektivliyinə dair ümidsizliyi daha da artırıb.

Məlum olduğu kimi, son danışıqlara Türkiyənin Antalya şəhəri ev sahibliyi edirdi. Lakin sammitə rəhbərlik Avstraliya ilə bölüşdürülüb. Avstraliyanın energetika naziri Kris Bouen COP31 danışıqlarının prezidenti olub. Onun ölkəsindəki müxalifət siyasətçiləri isə danışıqların uğursuzluğuna görə onu məsuliyyət daşımaqda ittiham ediblər.

Avstraliya parlamentində müxalifəti təmsil edən deputat Anqus Teylor bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib: “Bu energetika naziri vəzifəsindən getməlidir, çünki o, tamamilə uğursuzluğa düçar olub. Kris Bouen məsuliyyət daşıyırdı, o, istefa verməlidir”.

COP31 danışıqlarından sonra açıqlama verən Bouen isə uğursuzluğun səbəbini iqlim məsələlərində bir çox tərəflərin sərgilədiyi sərt mövqelərlə əlaqələndirib. Avstraliya parlamentindəki digər müxalifət üzvləri də ölkənin COP31-ə 150 milyon Avstraliya dolları (99,23 milyon ABŞ dolları) xərcləməsindən sonra baş nazir Entoni Albanizdən niyə Boueni vəzifədən azad etmədiyini soruşublar. Albanizi isə nazirin istefasını tələb edib-etməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib. “Biz iqlim dəyişikliyinin real olduğuna inanırıq. Elmi faktlara inanırıq”, – deyə Albanizi bildirib. O əlavə edib ki, istər ekoloji təhlükəsizlik, istərsə də milli təhlükəsizlik məsələsi olsun, Avstraliya öz milli maraqları naminə hərəkət edir.

Qeyd edək ki, COP31 danışıqları noyabrın 9-da başlayıb. Lakin yekun razılaşmanın əldə olunmaması sammitin bu qədər uzanmasına və rekord müddətdə əlavə vaxtla davam etməsinə səbəb olub. Danışıqlar başlamazdan əvvəl də müəyyən fikir ayrılıqları mövcud idi. Qlobal istiləşmə ilə mübarizə səylərində ön sıralarda olan Avstraliya sammitə ev sahibliyi məsələsində Türkiyə ilə mübahisə etmişdi.

Türkiyənin Ətraf Mühit naziri və COP31 prezidenti Murat Kurum, Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri, COP31 danışıqlarının prezidenti Kris Bouen, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil 19 noyabr 2026-cı ildə Türkiyənin Antalya şəhərində BMT İqlim Konfransının yekun qərar layihəsinin ikinci variantı ilə bağlı mətbuat konfransında iştirak ediblər.

Məlumat üçün qeyd edəki, COP31 konfransında 190-dan çox ölkə təmsil olunub, 92 mindən çox insan qeydiyyatdan keçib. İlkin məlumatlara görə, bu, indiyədək keçirilmiş ən böyük BMT iqlim konfransı olub. ABŞ isə sammitə nümayəndə heyəti göndərməyib. Ötən il Braziliyanın Belem şəhərində keçirilən danışıqlar müəyyən razılaşma ilə nəticələnsə də, qalıq yanacaqlardan mərhələli imtina ilə bağlı öhdəlik əldə olunmamışdı.

Dünyada karbon qazının ən böyük emissiya mənbəyi olan Çin də COP31-in nəticələrindən narazılığını ifadə edib. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Qо Jiakun bazar ertəsi keçirilən mətbuat konfransında nəticələrdən məyus olduğunu bildirib. Bununla belə, o vurğulayıb ki, yaranmış vəziyyət çoxtərəfli prosesə inamın itirilməsinə səbəb olmamalıdır.

Çin rəsmisi əlavə edib ki, iqlim dəyişikliyi ilə mübarizə bəşəriyyətin ortaq vəzifəsidir və dünyada aşağı karbonlu inkişafa doğru tendensiya geri dönməzdir. COP31-də Hindistan nümayəndə heyətinə rəhbərlik edən Bupender Yadav bildirib ki, ölkəsi sammitə sədrlik edən tərəflər və digər iştirakçılarla konstruktiv və fasiləsiz əməkdaşlıq aparıb.

“Yekun qərarın bəzi müddəaları ilə bağlı narahatlıqlar qalmasına baxmayaraq, konsensusa nail olmaq üçün son ana qədər dialoqa və konstruktiv əməkdaşlığa sadiq qalırıq”, – deyə o bildirib. Dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişikliyinin digər ciddi təhlükələri ilə üzləşən Sakit okean ada dövlətlərinin əksəriyyəti sammitin nəticələrindən dərin məyusluq ifadə ediblər.

COP31-də iştirak edən Marşall adalarının nümayəndə heyəti bəyanatında bildirib: “Bizi bütün tərəflər məyus etdi”. Oktyabr ayında dəniz səviyyəsinin yüksəlməsi qarşısında həssaslığını diqqətə çatdırmaq məqsədilə COP öncəsi tədbirə ev sahibliyi edən Sakit okean ada dövləti Tuvalu isə yekun bəyanatın hazırlanması prosesində iştirakçılar arasında dialoqun və şəffaflığın olmamasını tənqid edib. Tuvalunun iqlim naziri Mayna Talia dünya ölkələrinin qlobal temperatur hədəfinə nail olmaq üçün lazımi öhdəliyi götürməməsindən narahatlığını ifadə edib.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medi və Yayım Şurasının maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью