Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Rusiyalı milyarderlərin ölkə Prezidenti Vladimir Putinə “Baba” ləqəbi verdikləri iddia olunub. Bu məlumat dünya liderlərinə müxtəlif dövrlərdə verilən maraqlı ləqəbləri yenidən gündəmə gətirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, siyasi liderlərə verilən ləqəblərin arxasında müxtəlif hadisələr, siyasi qərarlar və diplomatik qalmaqallar dayanır.
Rusiyalı milyarderlər Putinə “Baba” deyirlər
Yerli medianın məlumatına görə, rusiyalı oliqarxlar əvvəllər Putin üçün istifadə etdikləri “Naçalnik” (rəhbər), “Pervıy” (birinci) və “VV” müraciət formalarını “Ded” (baba) ifadəsi ilə əvəzləyiblər.
Putinin keçmiş ləqəbləri
Politoloq Nina Xruşşovanın kəşfiyyat dairələrindəki məlumatlara istinadən bildirdiyinə görə, Putinin Dövlət Təhlükəsizlik Komitəsində (DTK) çalışdığı dövrdə ləqəbi “Güvə” olub. Bunun onun diqqət çəkmədən arxa planda qala bilməsi ilə əlaqəli olduğu bildirilir.
Rusiyalı müxalifətçi Aleksey Navalnı isə xüsusilə 2020-2021-ci illərdə Putini “Bunkerdəki baba” adlandırırdı. Bu ləqəb pandemiya dövründə Putinin təcrid olunması və dəbdəbəli sarayla bağlı iddialarla əlaqələndirilirdi.
Rusiyada Putinin uzunmüddətli hakimiyyətini və idarəetmənin mərkəzləşdirilməsini ifadə etmək üçün “Çar” ləqəbindən də istifadə olunur.
Trampın gömrük siyasəti ləqəbə çevrildi
ABŞ Prezidenti Donald Trampa 2025-ci ildə verilən “TACO” ləqəbi ingilis dilində “Trump Always Chickens Out”, yəni “Tramp həmişə geri çəkilir” ifadəsinin qısaldılmış formasıdır.
Ləqəb qısa müddətdə Uoll-stritdə populyarlaşıb. Tramp isə 2025-ci il mayın 28-də bununla bağlı sual verən jurnalistə sərt reaksiya göstərib.
Çin liderinə “Vinni-Pux” ləqəbi verilib
Çin Prezidenti Si Cinpinin “Vinni-Pux” ləqəbi 2013-cü ildə internetdə yayılan görüntülərdən sonra məşhurlaşıb.
Onun ABŞ-nin sabiq Prezidenti Barak Obama ilə birlikdə çəkilən fotosu cizgi filminin Vinni-Pux və Tiqra obrazları ilə müqayisə edilib.
Sözügedən bənzətmə zaman keçdikcə siyasi satiraya çevrilib. 2017-ci ildə Çində bu ifadənin yer aldığı bəzi sosial şəbəkə paylaşımlarına və görüntülərə senzura tətbiq olunub.
Şimali Koreya lideri – “Raket adam”
Donald Tramp 2017-ci ilin sentyabrında Şimali Koreya lideri Kim Çen Ina “Raket adam” (Rocket Man) ləqəbini verib.
Şimali Koreyanın ballistik raket sınaqları keçirdiyi dövrdə Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı zamanı da bu ifadədən istifadə edib.
Ləqəb iki ölkə arasındakı nüvə gərginliyinin simvollarından birinə çevrilib.