Dünya nəhəngi 30 min əməkdaşını ixtisar edir

28.01.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin iri yükdaşıma şirkəti United Parcel Service (UPS) Amazon üçün həyata keçirilən çatdırılmaların həcminin azalması səbəbindən bu il 30 min əməkdaşını işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, şirkətin Maliyyə Direktoru Brayan Dayks ötən ilin son rübünə dair maliyyə hesabatının təqdimatından sonra keçirilən investor konfransında bildirib ki, Amazon sifarişlərində azalma ilə əlaqədar ümumi əməliyyat iş saatları təxminən 25 milyon saat azaldılacaq.

Onun sözlərinə görə, ixtisarlar əsasən əməkdaşların könüllü ayrılması və tam ştatlı sürücülər üçün təklif ediləcək xüsusi könüllü proqramlar vasitəsilə həyata keçiriləcək.

Maliyyə hesabatında həmçinin qeyd olunub ki, 2026-cı ilin ilk yarısında 24 bina bağlanacaq, ilin ikinci yarısında isə əlavə obyektlərin bağlanması ehtimalı nəzərdən keçirilir.

Qeyd edək ki, UPS daha əvvəl – 2025-ci ilin üçüncü rübünə dair hesabatında, ötən il ümumilikdə 48 min nəfərin, o cümlədən 34 min əməliyyat işçisinin işdən çıxarıldığını açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью