Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Lənkəran Dövlət Universitetinin dosenti, şəhərdəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidovanın ilk şeirlər toplusu çapdan çıxıb.
“Dünya niyə sevilməsin?” adlanan bu kitabda müəllifin sözə könül verdiyi gündən yazıb-yaratdığı, daxili aləmini, həyat müşahidələrini və dərin duyğularını əks etdirən poetik nümunələr toplanıb. Şeirlər sevgidən, sədaqətdən, əzəmətdən maya tutduğu üçün oxucunu mənəvi saflığa, gözəl əməllərə, ülvi hisslərlə Vətənini, xalqını sevməyə çağırır.
Müəllif qeyd edir ki, ilk şeirlər kitabı təkcə yaradıcılıq uğuru deyil, həm də uzun illər çəkilən zəhmətin, mənəvi bağlılığın və unudulmaz xatirələrin təcəssümüdür: “Kitabın nəşrini ən çox arzulayan insanlardan biri ustadım, mərhum professor Məsud Məmmədov idi. Təəssüf ki, o, kitabın çapını görməsə də, ən böyük təsəllim kitaba Ön söz yazmasıdır. Ustadımın əziz xatirəsi və mənəvi dəstəyi bu gün də yoluma işıq tutur”.
Leyla Məcidovanın söz dünyası müqəddəs, ülvi hisslərdən qaynaqlandığına görə insanı mənən saflaşdırır və zənginləşdirir
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü