Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə vəziyyəti tamamilə alovlandıracaq gizli planları və Ağ Ev rəsmiləri ilə keçirdiyi qapalı iclasın şok təfərrüatları sızıb. ABŞ liderinin İrana qarşı nüvə silahından istifadə etməyin mümkünlüyü ilə maraqlandığı iddia olunur.
Redaktor.az xəbər verir ki, bu barədə dünyaca məşhur amerikalı araşdırmaçı jurnalist, Pullitser mükafatı laureatı Seymur Herş özünün "Substack" platformasındakı bloqunda sensasiyalı məqalə yayıb.
Jurnalistin etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ liderinin nüvə silahından bəhs etdiyi həmin məxfi söhbət elə bu həftə baş tutub. İclasda ABŞ administrasiyasının ən yüksək rütbəli rəsmiləri iştirak ediblər.
Müzakirələr zamanı İranın yeraltı raket istehsalı obyektlərinə endiriləcək zərbələr masaya yatırılıb. Bu zaman Donald Tramp tabeçiliyində olan yüksəkvəzifəli şəxslərdən həmin obyektlərin bəzilərini tamamilə məhv etmək üçün nüvə silahının tətbiqinin "nə dərəcədə real və mümkün olduğunu" soruşub.
Seymur Herşin yazdıqlarına görə, iclas iştirakçılarından ən azı biri ABŞ Prezidentinin Yaxın Şərqdə nüvə müharibəsinə yol açacaq bir addımı bu qədər adi, gündəlik bir məsələ kimi müzakirə etməsindən dərin şoka düşüb.
Mənbələr qeyd edir ki, danışıqlar zamanı Tramp olduqca qəzəbli və gərgin görünüb. Şahidlərin sözlərinə görə, Ağ Ev rəhbəri həmin anlarda "İran cəbhəsində nəyin bahasına olursa-olsun məğlubiyyətlə barışmaq istəməyən" bir insan təsiri bağışlayıb.
Xədicə BAXIŞLI