Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
8 Noyabr Zəfər Günü ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran, xalqımızın milli kimliyinə və haqq işinə inamını gücləndirən əlamətdar tarix olmaqla yanaşı, dünya mediasının gündəmindən düşməyən mövzulardandır. Zəfərin 6-cı ildönümündə dünya bir daha ona şahidlik edir ki, tarixi ədaləti bərpa etmək, milli məqsədlərinə çatmaq yolunda Azərbaycan hərbi gücündən, siyasi iradəsindən və Xalq-Dövlət-Ordu vəhdətindən ilham alıb. Xarici ölkələrdə təşkil olunan Zəfər törənlərində əsasən bu amillərdən bəhs edilir.
Türkiyə
Şanlı Zəfərimizin ildönümü münasibətilə İstanbul şəhərində yeni ağaclar əkilir. Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı Zəfərin 6-cı ildönümü münasibətilə İstanbul şəhərində ağacəkmə kampaniyasına start verilib. Bütün Türk dünyasının qürurla qeyd etdiyi bu şanlı gün münasibətilə İstanbulun Bağcılar rayonunda yerləşən “Azərbaycan Dostluq Parkı”nda yeni fidanların əkilməsi təşkil edilib.
Ağacəkmə kampaniyası Azərbaycanın İstanbuldakı baş konsulluğu, bu şəhərin Bağcılar Bələdiyyəsi və bələdiyyə sədri Yasin Yıldızın təşəbbüsü ilə həyata keçirilir.
Böyük Britaniya
Esseks Universitetində tarixi Zəfərin altıncı ildönümünə həsr olunmuş tədbir düzənlənib. Universitetin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Böyük Britaniyadakı səfirliyinin müşaviri Ramil Tağıyev, Esseks Universitetinin doktorantı Fərid Adilov, universitetin Azərbaycan Cəmiyyətinin sədri Əli Xəlilov, azərbaycanlı tələbələr, eləcə də xarici qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər, eləcə də ölkəmizin müasir inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib. Ramil Tağıyev çıxışında 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızın müasir tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. F.Adilov çıxışında Zəfər Gününün Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində xüsusi yer tutduğunu, tarixi Qələbənin ölkəmizin gələcək inkişafı baxımından yeni imkanlar yaratdığını vurğulayıb.
Əli Xəlilov isə çıxışında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlətçiliyini qorumaq əzminin təcəssümü olduğunu vurğulayıb.
Qazaxıstan
Aktau şəhərində Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib. Universitetin müəllimlərinin, beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələrin və gənc fəalların iştirak etdiyi tədbirdə iştirakçılara 44 günlük Vətən müharibəsi, Şuşanın azad edilməsi və Qarabağ bölgəsində Böyük Qayıdış Proqramı çərçivəsində aparılan bərpa-quruculuq işləri haqqında sənədli videoçarx nümayiş etdirilib.
Azərbaycan Mərkəzi İctimai Fondunun direktoru, beynəlxalq münasibətlər kafedrasının baş müəllimi İlkin Orucov çıxışında Azərbaycanın Zəfərinin tarixi-siyasi və beynəlxalq hüquqi əhəmiyyətindən, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının professoru Eldar Cəfərov regional təhlükəsizlik məsələlərini, Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji əhəmiyyətini, həmçinin türk inteqrasiyası çərçivəsində iki ölkə arasında akademik və gənclər əməkdaşlığının rolunu təhlil edib.
İsrail
Azərbaycanın İsraildəki səfirliyi tərəfindən Təl-Əviv şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan ziyafət təşkil edilib. Tədbirdə İsraildə yaşayan Azərbaycan diasporunun nümayəndələri, elm adamları, jurnalistlər, ictimai fəallar, biznes və incəsənət nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin bu ölkədəki səfiri Muxtar Məmmədov tədbirdə çıxış edib. Diplomat 8 Noyabr Zəfər Gününün əhəmiyyətindən, Azərbaycanın məhz bu tarixi qələbədən sonra regionda və dünya biriliyində söz sahibinə çevrilməsindən, logistika və enerji qovşağı kimi beynəlxalq nüfuzunun artmasından danışıb.
Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir işini bədii hissə ilə davam etdirib. Xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov Azərbaycan klassik və xalq mahnılarını ifa edib.
Koreya
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Seulda 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə Koreyanın dövlət qurumlarının, siyasi, elmi, mədəni dairələrinin, Seulda fəaliyyət göstərən bir sıra xarici diplomatik missiyaların, yerli medianın və Azərbaycan diasporunun təmsilçiləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Səfir Ramin Həsənov 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərin qeyd olunduğu günün tarixi əhəmiyyətindən, Azərbaycanın Ermənistanın əsassız ərazi iddialarından irəli gələrək işğal, qətliam və etnik təmizləməyə məruz qaldığı ədalətsizliyə son qoyduğunu və bununla beynəlxalq hüququn tələbini yerinə yetirdiyini vurğulayıb.
Sonra Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsini əks etdirən fotoşəkillər nümayiş etdirilib, qonaqlara ölkəmizə dair çap materialları təqdim olunub. Tədbir Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Hazırladı:
İ.HƏSƏNQALA
XQ