Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünən dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü günündə Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış sənət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, Xalq rəssamı Ömər Eldarov, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Xalq artisti Hacı İsmayılov və sənətsevərlər məzarın önünə əklil və gül dəstələri qoyublar. Ziyarət zamanı bildirilib ki, Müslüm Maqomayevin məlahətli səsi, yüksək səhnə mədəniyyəti və peşəkarlığı onu milyonlarla insanın sevimlisinə çevirib. Sənət korifeyinin Azərbaycan musiqisinin dünyada tanıdılmasında mühüm rol oynadığı, yaradıcılığının bu gün də böyük maraq və sevgi ilə qarşılandığı vurğulanıb.
Çıxış edənlər qeyd ediblər ki, Müslüm Maqomayevin sənət irsinin Azərbaycan mədəniyyəti xəzinəsini zənginləşdirib. Görkəmli sənətkarın parlaq xatirəsi və yaradıcılığı gələcək nəsillər üçün də əbədi sənət məktəbi olaraq qalacaq.
XQ