Dünya şöhrətli neft alimi

31.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Midhət Abbasov – 100

Görkəmli alim, neft və qaz yataqlarının işlənmə nəzəriyyəsi, yeraltı hidrodinamika sahəsində böyük elmi məktəb yaradan, AMEA-nın həqiqi və Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuş Midhət Abbasovun bir əsrlik yubileyi ölkəmizdə alimin zəngin elmi irsinə verilən yüksək qiymət və unudulmaz xatirəsinə ehtiramla əlamətdardır.

Bakıda anadan olan akademik Midhət Abbasov neftçi-alim kimi uğurları ilə dünyada tanınmışdı. Atası Teymur Abbasov sovet repressiyaları dövründə “vətən xaini” damğası ilə güllələnmişdi. Stalinizmin vurduğu ağır zərbələrə, taleyin amansız sınaqlarına baxmayaraq, Midhət Abbasov zəhməti, dərin biliyi və istedadı sayəsində ən yüksək zirvələrə yüksəlib və ömrünün sonuna qədər Azərbaycan elminə sədaqətlə xidmət edib. Taleyini bütünlüklə böyük karbohidrogen yataqlarının işlənilməsinin nəzəri əsaslarının formalaşdırılmasına bağlayıb. O, neft sənayesində riyazi modelləşdirmənin və hidroqazodinamikanın ən mürəkkəb tənliklərini tətbiq edərək dünya neft elmində yeni dövrün banisi olub.

Midhət Abbasov 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Dövlət Neft və Sənaye Universiteti) bitirərək əmək fəaliyyətinə “Azneft” birliyində başlayıb. İşləyə-işləyə aspiranturaya daxil olub. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində çalışıb, 1960-cı ildən isə müvafiq elmi-tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrinə qədər yüksəlib. Moskvada “Qaz-neft və qaz-kondensat yataqlarının işlənilməsinin hidroqazodinamik məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Daha sonra Akademiyanın müxbir və həqiqi üzvü seçilən Midhət Abbasovun uğurları keçmiş Sovetlər Birliyinin elmi dairələrində də yüksək dəyərləndirilib və o, SSRİ EA-nın müxbir üzvü tituluna layiq görülüb. Neft elminin yeni istiqamətlərinin inkişafının proqnozu üzrə dəyərli tədqiqatlar aparıb. Azərbaycanda neçə-neçə karbohidrogen yatağının ilk kəşfiyyatçılarından olub. 1997-ci ilədək AMEA-nın vitse-prezidenti vəzifəsini yerinə yetirən M.Abbasov ömrünün sonunadək bu elm məbədinin Geologiya İnstitutunda işləyib. Ümumittifaq parlamentinə üzv seçilib.

Dövlət mükafatı laureatı olan Əməkdar elm xadimi, məşhur ixtiraçı Midhət Abbasov 660-dan artıq elmi məqalənin, 16 monoqrafiyanın, 43 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir. Onun rəhbərliyi ilə 21 elmlər doktoru və 40 elmlər namizədi hazırlanıb.

Mütəxəssislərin dediklərinə görə, onun uzun illər rəhbərlik etdiyi Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutu Qərbi Sibirin, Tümenin, Volqa-Ural və Xəzəryanı ovalıqların ən mürəkkəb neft-qaz kondensat yataqlarının mənimsənilməsi layihələrinin riyazi modelləşdirilməsini idarə edirdi. SSRİ rəhbərliyi ən çıxılmaz lay şəraitlərində quyuların neftverimliliyinin artırılması texnologiyasını məhz bu instituta sifariş verirdi.

Onun Ümumittifaq miqyasında kadrlara verdiyi dəstək də böyük olub. Tanınmış neft-qaz geoloqu Fərman Salmanova himayədarlığı da bu qəbildən idi. Əgər Midhət Abbasovun Moskva üçün yüksək tövsiyəsi və soydaşımıza inamı olmasaydı, Fərman Salmanovun SSRİ neft sənayesi və sonrakı elmi yolunun yetərincə uğurlu olacağı sual altında qala bilərdi. Təsadüfi deyil ki, Fərman Salmanov Bakıya hər dəfə gələndə ilk görüşdüyü insanlardan biri məhz Midhət Abbasov olurdu. Bu, onların arasında olan böyük qarşılıqlı hörmət və mənəvi etimadın göstəricisi idi.

Azərbaycan üçün böyük strateji önəm daşıyan “Əsrin müqaviləsi”nin elmi-siyasi bünövrəsində müəlliflik payı olan böyük alim nəhəng karbohidrogen yataqlarının (“Azəri”, “Çıraq”, “Günəşli”) birgə işlənilməsi üçün Qərb transmilli şirkətləri ilə aparılan ilkin danışıqların iştirakçılarından biri idi. Müqavilənin 400 səhifəlik fundamental mətni hazırlanarkən hasilatın pay bölgüsü mexanizminin Azərbaycanın milli maraqlarına uyğunlaşdırılmasını elmi-iqtisadi cəhətdən inandırıcı şəkildə əsaslandırıb. Xarici investorların dənizin dərin qatlarında qazma işləri aparmaq tərəddüdlərini aradan qaldırmaq üçün onun rəhbərliyi ilə layların mürəkkəb geodinamikası üzrə hazırlanan nadir riyazi modellər xarici şirkətlərə təqdim edilib və onlarda tam əminlik yaradıb.

– Yazıçı Seyran Səxavət Midhət Abbasovla yaxın dost olub, onu dərin ehtiramla xatırlayır:

– Köhnə dostum, alim Hətəm Quliyevin hesabına bir dəstə işıqlı adamla tanış olmuşdum. Onların da başında Midhət Abbasov dayanırdı. Ciddi bir sahənin alimi olmasına baxmayaraq, Midhət müəllim dost, yoldaş, insan kimi çox səmimi idi. Son dərəcə ürəyiyumşaq, uşaq kimi saf bir adamıydı. Şəhərdə onunla gəzəndə addımbaşı hamı ona salam verirdi, rəğbətini, məhəbbətini bildirirdi... O, tabeliyində olan alimlərlə də fəxr edirdi. Onlarla məsafə saxlaya-saxlaya o qədər yaxın idi ki, adam həsəd aparırdı. Məni də çox istəyirdi və mən də bununla fəxr edirdim. Vaxt tapıb teatr tamaşalarıma da gəlib baxırdı. Kitablarımı da oxuyur, sonra da mütləq təəssüratlarını bölüşürdü. Ruhu şad olsun!

Filoloq-alim Tahir Cəfərlinin danışdığı epizod da görkəmli alimin kimliyinə işıq salır:

– Bir dəfə Mahaçqala Universitetində keçirilən beynəlxalq konfransa dəvət almışdım. Həmin dövrdə Dağıstanda kriminal vəziyyət çox gərgin idi, hətta daxili işlər nazirinin müavini qətlə yetirilmişdi. Yaxınlarım təhlükəsizlik baxımından mənim ora getməyimə etiraz edirdilər. Bu tərəddüdlü məqamda Midhət müəllim mənə qətiyyətlə dedi: “Tahir, get, amma özünü qoru. Həmin konfransda çıxış et. Və səndən bir xüsusi xahişim var: Mahaçqala Universitetinin qarşısında o təhsil ocağının ilk rektoru olmuş və mənə də elmi rəhbərlik etmiş azərbaycanlı alim Əbdül Əliyevin abidəsi var. Oraya Azərbaycan alimləri adından gül dəstəsi qoy”.

Onun bu sözləri mənim üçün adi bir tövsiyədən daha çox, müqəddəs bir mənəvi tapşırıq və vəsiyyət idi. Mən də Dağıstanda həmin tapşırığı böyük qürurla yerinə yetirdim. Mahaçqala Universitetinin alimləri ilə birlikdə neft və qaz geologiyası sahəsində misilsiz xidmətləri olan dünya şöhrətli alim Əbdül Əliyevin heykəli önünə gül dəstələri qoyduq. Üstəlik, onun ruhu xatirinə din xadimi dəvət edib Quran ayələri də oxutdurduq… Bakıya qayıdıb rəhmətliyə həmin tədbirlərin fotoşəkillərini təqdim edəndə sevincdən gözləri yaşardı…

Akademik Midhət Abbasov 2012-ci il aprelin 24-də ömrünün 86-cı ilində vəfat edib. Bakıdakı II Fəxri xiyabanda torpağa tapşırılıb.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью