Dünya ticarət sistemi sürətlə dağılır

08.09.2026

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dənizçilik sahəsində aparıcı 18 ölkə dünya üzrə gəmiçilik və dəniz ticarətinin təhlükəsizliyini təmin edən mövcud beynəlxalq qaydalar sisteminin sürətlə zəiflədiyini açıqlayıb.

Birgə bəyanat sentyabrın 8-də 18 ölkəni birləşdirən Dənizçilik üzrə Məsləhətçi Qrupun (CSG) platformasında dərc olunub.

Bəyanatda qeyd edilir ki, dünya ticarətinin 80 faizindən çoxu dəniz yolu ilə həyata keçirilir. Elektronika, geyim, avtomobil, taxıl, metal, neft və qaz kimi əsas məhsulların böyük hissəsi dəniz nəqliyyatı ilə daşınır. Buna görə də mühüm dəniz marşrutlarında yaranan ciddi problemlər qısa müddətdə təchizat zəncirlərinə və dünya iqtisadiyyatına təsir göstərə bilər.

Dəniz ticarəti bir neçə böhranla üzləşib

CSG-nin qiymətləndirməsinə görə, son illərdə qlobal gəmiçilik COVID-19 pandemiyasından Ukraynadakı müharibəyə, Panama kanalında quraqlıqdan Yaxın Şərqdəki silahlı münaqişələrə qədər bir sıra böhranlarla üzləşib.

Qrup hesab edir ki, bu hadisələr artıq ayrı-ayrı problemlər deyil, dünya ticarət sistemində struktur dəyişikliklərinin baş verdiyini göstərir.

Beynəlxalq qaydaların parçalanması da vəziyyəti daha da çətinləşdirir. Gəmiçilik sahəsində milli və regional tənzimləmə yanaşmalarının fərqlənməsi daşıyıcılar üçün qeyri-müəyyənliyi artırır, uzunmüddətli planlaşdırmanı çətinləşdirir və nəticədə həm biznes, həm də istehlakçılar üçün xərcləri yüksəldir.

“Kölgə donanması” təhlükəsi

CSG digər ciddi təhlükənin “kölgə donanması”nın genişlənməsi olduğunu bildirir.

Söhbət sığorta, təhlükəsizlik və şəffaflıq üzrə standart mexanizmlərdən kənarda fəaliyyət göstərən yüzlərlə gəmidən gedir. Bu gəmilər, o cümlədən sanksiyalardan yayınmaq məqsədilə istifadə olunur.

Qrupa görə, nəticədə dünya gəmiçiliyində faktiki olaraq ikisəviyyəli sistem formalaşır. Sənayenin bir hissəsi beynəlxalq qaydalara uyğun fəaliyyət göstərdiyi halda, digər hissə qeyri-şəffaf şəraitdə işləyir.

Hormuz boğazı nümunə kimi göstərildi

CSG hesab edir ki, problemin həlli yeni və bir-birindən ayrı məhdudiyyətlərin yaradılmasında deyil. Əsas məsələ mövcud beynəlxalq normaların daha ardıcıl şəkildə tətbiq edilməsidir.

Bu sistemin əsasını BMT-nin Dəniz Hüququ Konvensiyası və Beynəlxalq Dəniz Təşkilatı tərəfindən hazırlanan beynəlxalq standartlar təşkil edir.

Bəyanatda vurğulanır ki, gəmiçilik azadlığının qorunması dövlətlərin razılaşdırılmış fəaliyyətini, şəffaflığı və bütün daşıyıcılar üçün vahid qaydaların tətbiqini tələb edir.

CSG-yə görə, bu qaydalara riayət edilməsi ədalətli rəqabətin, təchizat zəncirlərinin dayanıqlığının və dünya ticarətinin sabitliyinin qorunması üçün vacibdir.

Bəyanatda Hormuz boğazı ətrafındakı vəziyyət də mövcud sistemin pozulmasının mümkün nəticələrinə nümunə kimi göstərilib.

“Dəniz təchizat zəncirləri parçalandıqda, dünya iqtisadiyyatı da parçalanır”, – deyə sənəddə bildirilir.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью