Dünya üçüncüsü Yıldıray Baştürk: “Qarabağ”ın “Liverpul”la oyunda bir xal qazanmaq şansı var EKSKLÜZİV

27.01.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 yanvar, Cavid Əliyev AZƏRTAC

“Qarabağ”ın oyunlarını izləyirəm. Azərbaycan çempionu sürprizlər etməyə davam edir.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə millisinin sabiq üzvü, 2002-ci ildə yığmanın heyətində dünya çempionatının bürünc medalını qazanan Yıldıray Baştürk deyib.

O, Ağdam təmsilçisinin Avropanı lərzəyə gətirdiyini deyib: “Çox yaxşı komanda formalaşıb. Qurban Qurbanov möhtəşəm məşqçidir. Yaxşı futbol oynayaraq, bütün Avropanın sürprizinə çevriliblər. Pley-off şanslarını “Liverpul” kimi rəqiblə son oyuna saxlamaları vəziyyəti çətinləşdirir. Bu mərhələyə qədər gəlib çıxmaları həqiqətən çox böyük əzmkarlığın göstəricisidir və olduqca önəmli uğurdur. Bu matçdakı şanslarına gəlincə, Mersisayd təmsilçisi sözsüz ki, çox nüfuzlu, Çempionlar Liqasında böyük təcrübəyə malik komandadır. Buna görə də görüş çox çətin keçəcək. Lakin “Qarabağ” indiyə qədər göstərdiyi performansı meydanda sərgiləyə bilsə, bir xal qazanmaq şansı ola bilər. Təbii ki, bunun üçün Azərbaycan klubu adına xüsusi bir gün olmalıdır. Eyni zamanda, rəqib də yaxşı vəziyyətdə olmamalıdır. Amma niyə də yox? Futbolda hər şey mümkündür”.

Vaxtilə Almaniyanın “Bayer” (Leverkuzen) və İngiltərənin “Blakbörn” komandalarının formasını geyinmiş Y. Baştürk “Qarabağ”ın heyətində xüsusi olaraq hansı futbolçunu fərqləndirmək istəmədiyini söyləyib: “Onlar komanda olaraq nümunəvi futbol nümayiş etdirirlər. “Qarabağ” güclü komanda ruhuna sahibdir. Bu, Azərbaycan təmsilçisinin ən böyük üstünlüklərindən biridir”.

Qeyd edək ki, “Liverpul”–“Qarabağ” görüşü yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью