Dünyada 1 milyarddan çox insan piylənmədən əziyyət çəkir

31.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) 2026-cı il üzrə “Yaşayan Planet” hesabatında qlobal ərzaq sisteminin təbiətə və insan sağlamlığına mənfi təsirlərini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, mövcud ərzaq sistemi dünya əhalisini kifayət qədər və sağlam qida ilə təmin edə bilmir. Belə ki, dünyada 673 milyondan çox insan kifayət qədər qidalanmır, 1 milyarddan çox insan isə piylənmədən əziyyət çəkir. Bu vəziyyət qidalanma ilə bağlı xroniki xəstəliklərin də geniş yayılmasına səbəb olur.

Məlumata görə, mövcud kənd təsərrüfatı fəaliyyəti təbii yaşayış mühitlərinin məhv edilməsinin və biomüxtəlifliyin azalmasının əsas səbəblərindən biridir.
Ərzaq istehsalı eyni zamanda təbii ehtiyatlardan həddindən artıq istifadəyə və qlobal istixana qazı emissiyalarının artmasına səbəb olur. Fond qlobal ərzaq sistemində köklü dəyişikliklərin vacibliyini vurğulayıb.

Hesabatda ətraf mühitə zərər vuran kənd təsərrüfatı fəaliyyətlərinə hər il dünyada təxminən 470 milyard dollar vəsait ayrıldığı qeyd olunub.
Vurğulanıb ki, bu vəsaitin bir hissəsinin dayanıqlı və təbiətə zərər verməyən istehsal üsullarına yönəldilməsi vəziyyətin yaxşılaşmasına kömək edə bilər.
Sənəddə ekosistemləri qoruyan üsullarla istehsal olunan məhsullara tələbatın artırılması üçün dövlət satınalmalarının yenidən nəzərdən keçirilməsinin vacibliyi də bildirilib. 

Təbiətə daha az zərər vuran istehsal üsullarına keçən fermerlərin maliyyə dəstəyi, texniki yardım və məhsullarını satmaq üçün bazarlara çıxış imkanları ilə təmin edilməsi zəruri hesab olunub. Bununla yanaşı, dəyişikliklər zamanı sosial ədalətin qorunmasının vacibliyi qeyd edilib. Bildirilib ki, ərzaq qiymətlərinin artması ilk növbədə aztəminatlı ailələrə və kiçik fermerlərə təsir göstərə bilər.

Buna görə də onların qərarların qəbulunda iştirakına şərait yaradılmalıdır. Hesabatda qlobal ərzaq sistemində müsbət dəyişikliklərin ilk əlamətlərinin müşahidə olunduğu bildirilib.Bununla belə, 2030-cu ilədək biomüxtəlifliyin azalmasını dayandırmaq və bərpa prosesinə nail olmaq üçün mövcud tədbirlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью