Dünyada 1,2 milyard tam yoxsul insan var

28.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyada 1,2 milyard insan yoxsulluq şəraitində yaşayır.

"Cebheinfo.az" xəbər verir ki, bu, inkişaf etməkdə olan regionlarda 108 ölkəni əhatə edən əhalinin 18,9 faizini təşkil edir.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Oksford Universitetinin Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsünün (OPHI) 2026-cı il Qlobal Çoxölçülü Yoxsulluq İndeksinə əsasən, yoxsulluq yalnız insanların gəlir səviyyəsi ilə deyil, həm də təhsil, səhiyyə və yaşayış şəraiti ilə qiymətləndirilir.

Araşdırmada 6,3 milyard insanın yaşadığı 108 ölkənin göstəriciləri təhlil edilib. 

Məlum olub ki, yoxsulluq şəraitində yaşayanların 617 milyonu uşaqlardır. Bu kateqoriyaya aid insanların 83 faizi isə kənd yerlərində yaşayır.

İndeksdə yoxsulluğun müəyyən edilməsi üçün 10 göstəricidən istifadə olunur. 

Bunlara qidalanma, uşaq ölümü, təhsil müddəti, məktəbə davamiyyət, içməli su, sanitariya, elektrik enerjisi, mənzil şəraiti, yemək bişirmək üçün istifadə olunan yanacaq və məişət əşyalarına sahiblik daxildir.

Hesabatda diqqət çəkən əsas məqamlardan biri də çoxölçülü yoxsulluq şəraitində yaşayan insanların sayının 2010-cu ildə indeksin tətbiqindən sonra ilk dəfə artmasıdır.

Əvvəlki yenilənmə ilə müqayisədə bu göstərici 51,5 milyon nəfər yüksəlib.

Bununla yanaşı, araşdırma yoxsulluğun azaldılması istiqamətində müsbət nəticələrin də olduğunu göstərir.

Belə ki, 89 ölkənin göstəriciləri üzrə 33 ölkə 15 ildən az müddətdə çoxölçülü yoxsulluq indeksini yarıya endirməyə nail olub.

Hesabat yoxsulluğun aradan qaldırılması üçün yalnız gəlirlərin artırılmasının deyil, insanların təhsil, səhiyyə və layiqli yaşayış imkanlarının yaxşılaşdırılmasının da vacib olduğunu göstərir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью