Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Uşaqlıq dövrü təhsil almaq, inkişaf etmək və gələcəyə hazırlaşmaq üçün ən vacib mərhələ hesab olunur.
Lakin dünyanın müxtəlif ölkələrində milyonlarla uşaq məktəbə getmək və ya asudə vaxt keçirmək əvəzinə işləməli olur. Yoxsulluq, ailələrin maddi çətinlikləri, münaqişələr və sosial müdafiənin zəifliyi bu problemin əsas səbəbləri sırasındadır".
"Cebheinfo.az" xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən 2025-ci ildə açıqlanan birgə hesabatda dünyada uşaq əməyinin miqyası ilə bağlı diqqətçəkən rəqəmlər yer alıb.
Hesabata görə, 2024-cü ildə dünyada 5–17 yaş arasında təxminən 138 milyon uşaq uşaq əməyinə cəlb olunub. Bu, həmin yaş qrupundakı uşaqların 7,8 faizini təşkil edir. Onların 54 milyonu sağlamlığına, təhlükəsizliyinə və inkişafına zərər verə biləcək ağır və təhlükəli işlərdə çalışıb. Uşaq əməyinə cəlb olunanların 78 milyonu oğlan, 59 milyonu isə qızdır.
Uşaqların işlədiyi sahələr arasında kənd təsərrüfatı ilk sırada yer alır. Belə ki, uşaq əməyinin 61 faizi bu sahənin payına düşür. Xidmət sektorunda göstərici 27 faiz, sənayedə isə 13 faizdir. Coğrafi baxımdan ən ağır vəziyyət Saxaradan cənubda yerləşən Afrika ölkələrində müşahidə olunur. Bu regionda 87 milyon uşaq uşaq əməyinə cəlb edilib.
Bu, dünyadakı ümumi göstəricinin təxminən üçdə ikisi deməkdir. Hesabatda müsbət dəyişikliklər də qeyd olunub. Belə ki, 2020–2024-cü illərdə uşaq əməyinə cəlb olunanların sayı 22 milyondan çox, təhlükəli işlərdə çalışan uşaqların sayı isə 25 milyon azalıb. Bununla belə, beynəlxalq ictimaiyyətin 2025-ci ilədək uşaq əməyini bütün formalarda aradan qaldırmaq hədəfinə nail olmaq mümkün olmayıb.
BƏT və UNICEF hesab edir ki, uşaq əməyinin aradan qaldırılması üçün yoxsulluğun azaldılması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi, keyfiyyətli təhsilə çıxışın təmin olunması və böyüklər üçün layiqli iş imkanlarının yaradılması vacibdir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin