Dünyada 2 milyarddan çox insan içməli suya həsrətdir

21.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Dünyada milyardlarla insan üçün təmiz içməli suya çıxış hələ də ciddi problem olaraq qalır.

Su təchizatının yaxşılaşdırılması istiqamətində müəyyən irəliləyişlər əldə edilsə də, beynəlxalq statistika bu sahədə ölkələr və əhali qrupları arasında böyük fərqlərin olduğunu göstərir.

“Cebheinfo.az” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-in 2025-ci ildə açıqladığı hesabata əsasən, 2024-cü ildə dünya əhalisinin 2,1 milyardı təhlükəsiz şəkildə idarə olunan içməli su xidmətlərindən məhrum olub. Onlardan 106 milyonu birbaşa çay və göl kimi səth sularından istifadə edib.
Hesabata görə, 2015–2024-cü illərdə təhlükəsiz içməli su xidmətlərindən yararlanan dünya əhalisinin payı 68 faizdən 74 faizə yüksəlib. Bu müddətdə 961 milyon insanın belə xidmətlərə çıxışı təmin edilib.

Bununla belə, kənd və şəhər yerləri arasında fərq qalmaqdadır. 2024-cü ildə şəhərlərdə əhalinin 83 faizi təhlükəsiz içməli su xidmətlərindən yararlandığı halda, kənd yerlərində bu göstərici 60 faiz təşkil edib. Su problemi yalnız içməli su ilə məhdudlaşmır. Eyni hesabatda 3,4 milyard insanın təhlükəsiz sanitariya xidmətlərindən, 1,7 milyard insanın isə evdə əsas gigiyena xidmətlərindən məhrum olduğu bildirilir.

Məlumatlar göstərir ki, içməli suya çıxışın genişləndirilməsi istiqamətində irəliləyiş olsa da, bütün əhalinin təhlükəsiz su və sanitariya xidmətləri ilə təmin olunması üçün daha sürətli tədbirlərə ehtiyac var.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью