Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyanın 33 ölkəsi vətəndaşlarına fövqəladə hallar zamanı istifadə etmək üçün evdə ərzaq və su ehtiyatı saxlamağı tövsiyə edib. Siyahıya 17 Avropa ölkəsi, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Norveç, Finlandiya və Baltikyanı ölkələr, həmçinin ABŞ, Kanada, Meksika, Yaponiya, İsrail, Hindistan və Avstraliya daxildir.
Ölkələrin tövsiyə etdiyi ehtiyat müddəti fərqlidir. Belə ki, Böyük Britaniya, Fransa, Kanada və Yaponiya 72 saatlıq (3 günlük), İsveç və Norveç bir həftəlik, Almaniya isə 10 günlük ehtiyat saxlamağı məsləhət görür. Tövsiyə olunan ehtiyatlara konservləşdirilmiş qidalar, içməli su, dərmanlar, batareyalar, fənər və radio daxildir.
Rəsmi açıqlamalarda bu hazırlığın səbəbi kimi müharibə deyil, müxtəlif fövqəladə hallar və ümumi risklər göstərilir. Siyahıda müharibə təhlükəsi birbaşa qeyd olunmasa da, bəzi vətəndaşlar bu çağırışları III Dünya müharibəsinə hazırlıq kimi qiymətləndirirlər.
Bəs belə çağırışlar cəmiyyətdə panika yaradırmı? Azərbaycanda vətəndaşlar fövqəladə hallar üçün evdə minimum hansı ləvazimatları saxlamalıdırlar?
Mövzu ilə bağlı qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov Bakıvaxtı.az-a danışıb.
Onun sözlərinə görə, sosial şəbəkələrdə və xarici mediada yayımlanan məlumatlar dezinformasiyalarla bağlıdır:
"Qeyri-müəyyən səbəbdən insanlar müəyyən ərzaq, yəni qida və qeyri-qida məhsullarının yığılması ilə məşğuldurlar. İnsanlar panikaya düşərək kütləvi silahlardan istifadə olunacağı, təbii fəlakətlərin baş verəcəyi və elektrik enerjisinin kəsiləcəyi barədə xəbərlərə görə hərəkət edirlər. Burada qida təhlükəsizliyi və qidanın keyfiyyəti nöqteyi-nəzərindən bir sıra addımlar atılmalıdır. Verilən məlumatda ərzaq məhsullarının üç gün müddətə saxlanması nəzərdə tutulur. Dezinformasiyalara görə konserv məhsulları daha çox depolanır ki, uzun müddət saxlansın".
Seymur Qafarov: "Hələ ki ölkəmizdə bu barədə rəsmi şəkildə məlumat verilməyib"
Ekspert bildirib ki, konservləşdirilmiş qidaları uzun müddət saxlamaq mümkündür:
"Çünki onlar sterilizasiya prosesindən keçiblər və bu da imkan verir ki, o qidaların ağzını açmadan nəinki üç gün, hətta üç ay saxlaya bilək. Bundan əlavə sular günəş işığı ilə təmasda olan yerə qoyulmamalıdır, imkan olduğu təqdirdə döşəmə ilə birbaşa təmasda olmamalıdır. Bu məhsulların hər birinin üzərində istehsal və son istifadə tarixləri olan etiketlər mövcud olmalıdır. Kor-təbii şəkildə istifadə müddəti azalmış və ya bitmək üzrə olan məhsullar depolanmamalıdır. Quru qidalara üstünlük verilməlidir. Xüsusən quru meyvələr, unlu məmulatlardan əriştə, makaron, spagetti, vermişel ola bilər. Tərəvəzlərin qurudulmuş, yağ içində konservləşdirilmiş formalarını, süd məhsullarının konservləşdirilmiş olanlarını saxlamaq olar", - müsahibimiz vurğulayıb.
S. Qafarov hesab edir ki, tez xarab olan məhsulları deyil, daha uzun müddət saxlana bilən və daha yüksək qidalılıq dəyərinə malik olan ət konservlərini, balıq konservlərini və enerji dəyəri çox olan məhsulları depolamaq vacibdir:
"Hər fərd üçün gündəlik 3 litr su nəzərə alınmaqla, təqribən 3-5 günlük su depolanmalıdır. Bunun səbəbləri, nəticələri barədə hələ ki ölkəmizdə rəsmi şəkildə müvafiq qurumlar tərəfindən məlumat verilməyib, amma əgər depolanacaqsa, bu tövsiyələri dinləməkdə fayda var".
Gülşən Şərif