Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Böyük Britaniya süni intellekt (Aİ) texnologiyalarından istifadə etməklə bioloji təhlükələri aşkar etmək, onların qarşısını almaq və aradan qaldırmaq məqsədilə dünyada ilk ixtisaslaşmış biotəhlükəsizlik laboratoriyasını yaradacaq.
Bizim.Media xəbər verir ki, Britaniya hökumətinin oktyabrın 24-də yaydığı məlumata görə, AI Biosecurity Lab (AIBL) adlı laboratoriyanın yaradılması üçün dövlət və özəl sektor tərəfindən ümumilikdə 300 milyon funt sterlinqədək vəsait ayrılması nəzərdə tutulur. Bunun 100 milyon funt sterlinqini hökumət, 200 milyon funt sterlinqədək hissəsini isə “OpenAI” və “Anthropic” şirkətləri təmin edəcək.
Qeyd edilir ki, süni intellekt elmi araşdırmalar, xəstəliklərin diaqnostikası və dərmanların hazırlanması üçün geniş imkanlar yaratsa da, daha təkmil modellər bioloji riskləri artıra və təhlükəli fəaliyyətlər üçün maneələri azalda bilər.
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri bioloji təhlükələrin erkən aşkarlanması, risklərə operativ reaksiya verilməsi, həmçinin vaksinlərin, müalicə üsullarının və digər tibbi vasitələrin hazırlanmasının sürətləndirilməsi olacaq. Tədqiqatların Böyük Britaniyaya və digər ölkələrə xəstəliklərin yayılmasına daha tez reaksiya vermək və gələcək bioloji böhranlara hazırlaşmaq imkanı yaradacağı gözlənilir.
“Rosalind Biodefense” təşəbbüsü çərçivəsində “OpenAI” laboratoriyaya 100 milyon funt sterlinq dəyərində hesablama resursları və modelləşdirmə kreditləri təqdim edəcək.
Layihəyə “Google DeepMind” və süni intellekti bioloji elmlərdə tətbiq edən Böyük Britaniyanın “Basecamp Research” şirkəti də qoşulacaq. Onlar biotəhlükəsizlik sahəsində birgə tədqiqatlarda və elmi alətlərin hazırlanmasında iştirak edəcəklər.
Layihəyə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA), Heyvan və Bitki Sağlamlığı Agentliyi (APHA) və Müdafiə Elmi və Texnologiyaları Laboratoriyası (Dstl) da cəlb olunacaq.
Böyük Britaniya hökuməti hesab edir ki, laboratoriyanın yaradılması ölkənin biotəhlükəsizlik sahəsində mövqeyini gücləndirəcək və süni intellektin imkanlarından əhalinin sağlamlığının qorunması üçün daha səmərəli istifadə edilməsinə şərait yaradacaq.
Bizim.Media