Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Çin "Tiançjou-10" yük kosmik gəmisinin bortunda dünyada ilk dəfə olaraq 400 voltluq elektrik təchizatı sistemini uğurla sınaqdan keçirib. Yeni sistem kosmik aparatda enerjinin toplanmasından tutmuş onun paylanması və istehlakçılara ötürülməsinə qədər bütün mərhələləri əhatə edir. Çin Kosmik Texnologiyalar Akademiyasının mütəxəssisləri bildirirlər ki, kosmonavtikada indiyədək istifadə olunan ənənəvi 28 V və 100 V şəbəkələr müasir avadanlıqların artan tələbatını ödəyə bilmirdi.
Gərginliyin 400 volta qaldırılması cərəyan şiddətini azaltmağa imkan verib. Bu isə bort naqillərinin çəkisini yüngülləşdirməyə, enerji itkisini kəskin azaltmağa və avadanlıqların soyudulması prosesini asanlaşdırmağa şərait yaradıb. İnnovativ sistemin əsasını silisium-karbiddən hazırlanmış detallar, habelə qabaqcıl izolyasiya texnologiyaları təşkil edir. Bu komponentlər yüksək radiasiya və kəskin temperatur tərəddüdləri kimi sərt kosmik şəraitdə sabit işləməyə zəmanət verir.
Enerji blokunun yüngülləşməsi kosmik gəmilərdə əlavə faydalı yük və elmi avadanlıqlar üçün yer açır, eyni zamanda aparatların orbitə çıxarılma xərclərini azaldır. Ekspertlərin rəyinə görə, bu texnoloji yenilik gələcəkdə Ay proqramlarının genişləndirilməsində və Marsa nəzərdə tutulan idarəolunan missiyaların reallaşdırılmasında həlledici rol oynayacaq.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ