Dünyada ilk neyroproteomika mərkəzi fəaliyyətə başlayıb

11.08.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avstraliyanın Macquarie Universitetində motor neyron xəstəliyi (MND) və digər neyrodegenerativ xəstəliklərin araşdırılması istiqamətində mühüm elmi layihəyə start verilib. Universitetin məlumatına görə, dünyada ilk Milli Neyroproteomika Müəssisəsi (National Neuroproteomics Facility – NNPF) fəaliyyətə başlayıb.

Macquarie Universitetinin rəsmi nəşri “The Lighthouse”-da dərc olunan xəbərdə bildirilir ki, yeni elmi-tədqiqat mərkəzinin yaradılmasına FightMND təşkilatının ayırdığı 2 milyon Avstraliya dolları məbləğində beşillik maliyyə və Thermo Fisher Scientific şirkəti ilə tərəfdaşlıq imkan yaradıb.

Yeni müəssisənin əsas məqsədi sinir hüceyrələrindəki minlərlə zülalı eyni vaxtda ölçmək və təhlil etmək yolu ilə motor neyron xəstəliyinin və digər neyrodegenerativ xəstəliklərin mexanizmlərini daha dərindən araşdırmaqdır.

Macquarie Universitetinin Milli Neyroproteomika Müəssisəsinin akademik direktoru, dosent Albert Lee bildirib ki, neyroproteomika ayrı-ayrı molekulların öyrənilməsi ilə yanaşı, hüceyrələrdə baş verən proseslərin daha geniş mənzərəsini görməyə imkan verir. Onun sözlərinə görə, bu yanaşma MND zamanı müxtəlif zülalların xəstəlik proseslərində oynadığı rolu müəyyənləşdirmək üçün yeni imkanlar yaradır.

Mütəxəssislərin diqqət yetirdiyi əsas məsələlərdən biri MND zamanı zülalların anormal formaya düşərək sinir hüceyrələrində toplanmasıdır. Alimlər hesab edirlər ki, proteomika texnologiyalarının tətbiqi bu prosesdə iştirak edən çoxsaylı zülalların rolunu müəyyənləşdirməyə kömək edə bilər.

Mərkəzdə qabaqcıl kütləvi spektrometriya texnologiyalarından istifadə olunacaq. Thermo Fisher Scientific ilə əməkdaşlığın isə tədqiqatçıların müasir analitik avadanlıqlara, texniki ekspertizaya və yeni tədqiqat metodlarının hazırlanmasına çıxışını genişləndirəcəyi bildirilir.

Yeni elmi infrastrukturun perspektiv istiqamətlərindən biri MND üçün mümkün müalicə hədəflərinin və xəstəliyin ağırlığını və inkişafını göstərən biomarkerlərin müəyyənləşdirilməsidir. Universitetin məlumatına əsasən, gələcəkdə biomarkerlərdən istifadə xəstəliyin müxtəlif formalarının fərqləndirilməsi və onun inkişafının daha dəqiq qiymətləndirilməsi baxımından əhəmiyyət daşıya bilər.

Macquarie Universitetinin məlumatında vurğulanır ki, neyroproteomika hələ inkişaf etməkdə olan istiqamətdir və yeni yanaşmanın klinik nəticələrə çevrilməsi üçün əlavə tədqiqatlara ehtiyac var. Bununla belə, alimlər hesab edirlər ki, yeni mərkəz Avstraliyada MND və digər neyrodegenerativ xəstəliklərin öyrənilməsində mühüm elmi baza formalaşdıracaq.

N.Adilqızı

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью