Dünyada pasportsuz səyahət edən cəmi 3 nəfər var

03.09.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyada milyonlarla insan xarici ölkələrə səfər edərkən pasport daşımaq məcburiyyətindədir. Lakin beynəlxalq protokollara görə, cəmi üç nəfər bu qaydadan istisnadır.

Pasportsuz sərhəd keçmək hüququna sahib olan şəxslər Böyük Britaniya kralı III Çarlz, Yaponiya imperatoru Naruhito və imperatriça Masakodur.

Böyük Britaniya hökmdarı xarici səfərlər zamanı pasport daşımaq məcburiyyətində deyil. Kraliça II Elizabetin ölümündən sonra bu xüsusi imtiyaz onun oğlu, hazırkı kral III Çarlza keçib.

Britaniya Kral Ailəsinin rəsmi məlumatına görə, hökmdarın beynəlxalq səfərlərində adi pasport tələb olunmur. Bunun əvəzinə kral üçün xüsusi sənəd hazırlanır. Sənəddə digər ölkələrin hakimiyyət orqanlarından onun sərbəst şəkildə ölkəyə daxil olmasına, keçməsinə və səfər zamanı lazımi müdafiə və yardım göstərilməsinə şərait yaratmaları xahiş edilir.

Bu imtiyaz yalnız hökmdara aiddir. Kral ailəsinin digər üzvləri xarici səfərlərində adi və ya diplomatik pasportlardan istifadə edirlər.

Pasportsuz səyahət etmək hüququ Yaponiya imperatoru Naruhito və onun həyat yoldaşı imperatriça Masakoya da şamil olunur.

Bu xüsusi statusun 1971-ci ildə Yaponiya Xarici İşlər Nazirliyinin hazırladığı sənədə əsaslandığı bildirilir. Həmin qaydalara əsasən, imperator və ya imperatriçəyə pasport verilməsi, eləcə də onların digər ölkələrə giriş zamanı adi sərhəd prosedurlarından keçirilməsi uyğun hesab edilmir.

İmperator və imperatriça xarici səfərlər zamanı pasport əvəzinə Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən xüsusi sənəddən istifadə edirlər. Səfərdən əvvəl Yaponiya hökuməti onların səfəri barədə qəbul edən ölkənin hakimiyyət orqanlarını məlumatlandırır.

Bu xüsusi imtiyaz yalnız imperator və imperatriçəyə aiddir. Yaponiya imperator ailəsinin digər üzvləri isə xarici səfərlər zamanı diplomatik pasport daşıyırlar. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью