Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Xarici siyasət nazirlikləri artıq yalnız digər dövlətlərlə deyil, texnologiya şirkətləri ilə də danışıqlar aparmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Texnologiya Diplomatiyası Qlobal İnstitutunun əməliyyatlar üzrə baş direktoru Simon Saneback Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, süni intellekt xarici siyasəti eyni vaxtda iki istiqamətdə dəyişir. Bir tərəfdən, diplomatik danışıqların mövzusu dəyişir. Artıq diplomatlar bulud texnologiyaları, məlumat modelləri və onların təhlükəsizliyi, eləcə də rəqəmsal suverenlik məsələlərini müzakirə edirlər.
Simon Saneback bildirib ki, süni intellektlə yaradılan saxta məzmun və dezinformasiyanın sürətlə yayılması da diplomatiya üçün yeni risklər yaradır.
O, dəyişən digər məqamın isə diplomatik danışıqların tərəfləri ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, əvvəllər əsasən dövlətlərin nəzarətində olan bir sıra mühüm texnoloji imkanlar hazırda böyük texnologiya şirkətlərinin əlində cəmləşib.
Nümunə olaraq dünyada ən qabaqcıl çiplərin təxminən 90 faizinin bir məkanda istehsal olunduğunu, bulud xidmətləri bazarının isə azsaylı provayderlərin nəzarətində cəmləşdiyini qeyd edib.
Saneback vurğulayıb ki, Azərbaycan və regionun digər ölkələrinin xarici işlər nazirlikləri artıq yalnız hökumətlərlə deyil, həm də mühüm texnoloji imkanlara sahib şirkətlərlə danışıqlar aparmaq zərurəti ilə üzləşirlər. Onun fikrincə, mövcud diplomatik strukturlar bu yeni reallığın tələblərinə uyğun qurulmayıb.
Zeynəb Rzayeva