Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Şərqi Qara Dəniz İxracatçıları Assosiasiyasının (DKİB) məlumatına görə, Türkiyə ilin birinci yarısında 2.602 ton çay ixracından 17,5 dollar gəlir əldə edib. Belçika, Birləşmiş Krallıq və Şimali Kipr Türk Respublikası ən çox çay ixrac edilən ilk 3 ölkə olub.
“Anadolu” agentliyinin məlumatına görə, Türkiyə yanvar-iyun ayları ərzində Belçikaya 5 milyon 400 min dollar, Birləşmiş Krallığa 3 milyon 510 min dollar və Şimali Kipr Türk Respublikasına 1 milyon 236 min dollar dəyərində çay ixrac edib.
İlin ilk yarısında Rizə əsasən Belçika olmaqla 20 ölkəyə 1.575 ton çay ixrac edib. Şərqi Qara Dəniz İxracatçıları Assosiasiyasının (DKİB) Direktorlar Şurasının üzvü və Çay Sektoru Komitəsinin sədri Mustafa Okutan bildirib ki, ilin ilk yarısında çay ixracı gözləntilərə uyğun olub.
M.Okutan ixracda əlavə dəyər yaradan və markalı məhsulların payının artırılmasının xüsusilə vacib olduğunu bildirərək deyib: “İlin ilk altı ayında müxtəlif coğrafiyalara ixracımızı davam etdirdik. Ənənəvi bazarlarımızdakı güclü mövqeyimizi qoruyub saxlayaraq, türk çayının yeni bazarlarda daha çox iştirakını təmin etməyə üstünlük veririk”.
Okutan, Avropa ölkələrində və Uzaq Şərqdə türk çayına marağın artmağa davam etdiyini deyib və mövcud bazarlarda, xüsusən də Belçika və Birləşmiş Krallıqda bazar payının artırılmasının, eləcə də ixrac üçün Körfəz ölkələrində və Şimali Amerikada yeni bazarlara çatmağın vacibliyini vurğulayıb.
İlin ilk yarısındakı ixrac göstəricilərini müsbət qiymətləndirən M.Okutan deyib: “Məqsədimiz türk çayının keyfiyyətini və marka dəyərini daha geniş auditoriyaya çatdırmaqdır. İlin ikinci yarısında ixracımızın artmağa davam edəcəyini gözləyirik”.
M.MİRZƏ
XQ