Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yağış təbiətdə su dövranının əsas hissələrindən biri olmaqla yanaşı, dünyanın müxtəlif ölkələrində əlavə su mənbəyi kimi də istifadə olunur.
İqlim dəyişiklikləri, əhalinin artması və su ehtiyatlarına tələbatın yüksəlməsi bir sıra ölkələri mövcud su mənbələrindən daha səmərəli istifadə etməyə vadar edir. Bu baxımdan yağış sularının toplanması və yenidən istifadəsi xüsusilə diqqət çəkən üsullardan biridir.
AZXEBER.COM xəbər verir ki, dünyanın müxtəlif ölkələrində yağış suları xüsusi sistemlər vasitəsilə toplanaraq su anbarlarına, çənlərə və yeraltı saxlama qurğularına yönəldilir. Toplanan sudan yaşıllıqların suvarılması, kənd təsərrüfatı, məişət və texniki məqsədlər üçün istifadə olunur. Bəzi ölkələrdə isə yağış suları xüsusi təmizləmə proseslərindən keçirildikdən sonra içməli su sisteminə də daxil edilir.
Yağış suyunun toplanması üçün ən sadə üsullardan biri binaların damlarından axan suyun xüsusi çənlərdə saxlanılmasıdır. Bu sistem xüsusilə fərdi evlərdə geniş tətbiq edilir. Toplanan su içməli olmayan məqsədlər üçün istifadə edilərək şəbəkə suyuna olan tələbatın müəyyən hissəsini azalda bilər.
Sinqapur
Yağış suyundan genişmiqyaslı istifadə edən ölkələrdən biri Sinqapurdur. Ölkənin su qurumu PUB-un məlumatına görə, Sinqapur ərazisinin təxminən üçdə ikisi su toplama hövzəsi kimi istifadə olunur.
Yağış suları drenaj kanalları, çaylar və digər suötürücü sistemlər vasitəsilə toplanaraq ölkədəki su anbarlarına yönəldilir. PUB-un məlumatına əsasən, ölkədə təxminən 8 min kilometrlik drenaj, kanal və çay şəbəkəsi mövcuddur və yağış suları bu sistem vasitəsilə 17 su anbarına çatdırılır.
Daha sonra toplanan su təmizlənərək su təchizatı sistemində istifadə olunur. Beləliklə, Sinqapurda yağış suyu şəhərin su ehtiyatlarının formalaşmasında mühüm rol oynayır.
Ölkədə yağış sularının binalarda da toplanmasına imkan verən sistemlər mövcuddur. Toplanan sudan isə içməli su tələb etməyən müxtəlif məqsədlər üçün istifadə edilə bilər.
Hindistan
Hindistanda yağış suyunun toplanması xüsusilə su qıtlığının yaşandığı ərazilərdə su ehtiyatlarının artırılması vasitələrindən biri hesab olunur.
Ölkədə "Catch the Rain” kampaniyası çərçivəsində yağış suyunun düşdüyü ərazidə toplanması və saxlanılması təşviq edilir. Bu məqsədlə müxtəlif su toplama qurğuları yaradılır, mövcud su hövzələri bərpa olunur və yağış suyunun yeraltı su ehtiyatlarının artırılmasına yönəldilməsi həyata keçirilir.
Yağış suyunun xüsusi xəndəklər, çuxurlar və digər qurğular vasitəsilə torpağa keçirilməsi yeraltı suların səviyyəsinin artırılmasına kömək edə bilər. Bu üsul xüsusilə yağıntının mövsümi xarakter daşıdığı ərazilər üçün əhəmiyyətlidir.
Avstraliya
Avstraliyada da yağış suyunun toplanması geniş yayılmış suya qənaət üsullarından biridir. Fərdi evlərdə damlardan axan su xüsusi çənlərdə toplanaraq saxlanılır. Bu sudan bağların və yaşıllıqların suvarılması, müxtəlif təsərrüfat işləri və digər içməli su tələb etməyən məqsədlər üçün istifadə etmək mümkündür. Belə sistemlər yağıntı zamanı düşən suyun bir hissəsinin birbaşa drenaj sisteminə getməsinin qarşısını alır və sonradan istifadə üçün əlavə su ehtiyatı yaradır.
Yağış sularının istifadəsi yalnız fərdi evlərlə də məhdudlaşmır. Müasir şəhərlərdə böyük su anbarları, yeraltı çənlər və xüsusi drenaj sistemləri vasitəsilə yağış sularının toplanması və idarə olunması həyata keçirilir.
Bəzi şəhərlərdə yağış suları yaşıllıqların suvarılmasında, küçələrin və müxtəlif obyektlərin texniki ehtiyaclarında, kənd təsərrüfatında və sənaye proseslərində istifadə olunur.
Yağış suyunun içməli su kimi istifadəsi isə xüsusi təmizləmə tələb edir. Yağış suyunun birbaşa içilməsi təhlükəsiz hesab edilmir. Lakin müvafiq filtrasiya və dezinfeksiya proseslərindən keçirildikdən sonra onun içməli su mənbəyinə çevrilməsi mümkündür.
Dünyadakı təcrübələr göstərir ki, yağış suyunun idarə olunması ölkələrin su ehtiyatlarından daha səmərəli istifadə etməsinə imkan verə bilər. Bəzi ölkələr yağış suyunu sadəcə təbii yağıntı kimi qəbul etmir, onu toplanaraq yenidən istifadə edilə bilən su ehtiyatı kimi qiymətləndirirlər.
Bu yanaşma xüsusilə su ehtiyatlarının məhdud olduğu və əhalinin suya tələbatının yüksək olduğu ərazilərdə əlavə su mənbəyi yaratmaq baxımından əhəmiyyət daşıyır.
Fəridə Əsədzadə