Dünyadan gələn sorağımız

29.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstan Film Festivalı

Gürcüstanda keçirilən Svaneti Beynəlxalq Film Festivalının təqdimat bölməsinə Azərbaycandan 2 tammetrajlı sənədli film layihəsi seçilib.

Azərbaycanı təmsil edən “14 gün dustaqlıqda” filmi tamamlanmaqda olan film layihələrinin təqdimatı bölməsində, “Kür” tammetrajlı sənədli isə beynəlxalq layihə təqdimatı proqramında təqdim edilib və proqram çərçivəsində baş mükafata – “Ən yaxşı təqdimat və ən yaxşı layihə” nominasiyalarına layiq görülüb.

Xatırladaq ki, festivalda Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Misir, Qazaxıstan, İtaliya kimi ölkələrdən film layihələri iştirak edib.

Rəssamlarımız Türkiyədə

Azərbaycanlı rəssamlar Türkiyədə beynəlxalq yaradıcılıq seminar-məşğələsində iştirak ediblər.

Kocaeli vilayətinin İzmit şəhərində dünyanın hər yerindən sənətçiləri bir araya gətirən beynəlxalq tədbirdə ölkəmizi Nigar Əliyeva və Leylifər Müseyibova təmsil ediblər.

ABŞ nəşri mədəni irsimiz barədə

ABŞ-da fəaliyyət göstərən “International policy digest” nəşrində Azərbaycanın zəngin mədəni irsinə, tarixi şəhərlərinə və çoxəsrlik ənənələrinə həsr olunan məqalə dərc edilib.

“Azərbaycanın mədəni ürəyinə səyahət” adlı yazıda ölkənin Şərq və Qərbin qovuşduğu mədəni məkan kimi formalaşması, tarixi abidələri və müxtəlif bölgələrinin özünəməxsus xüsusiyyətləri diqqətə çatdırılıb.

Nəşr Azərbaycanın tarixi irsinin mühüm nümunələri sırasında Gülüstan türbəsi, Nuh türbəsi və Möminə Xatun türbəsi kimi memarlıq abidələrini qeyd edib. Eyni zamanda, Bakının Şərq və Qərb memarlıq üslublarının vəhdətini nümayiş etdirən şəhər mühiti xüsusi vurğulanıb.

Məqalədə Gəncə şəhəri şairlər yurdu kimi təqdim olunaraq, Nizami Gəncəvi və Məhsəti Gəncəvi kimi böyük ədəbi şəxsiyyətlərdən söz açılıb. Kürdəmir, Lənkəran, Lerik, Qazax, Cəlilabad və Salyan kimi bölgələrin mədəni zənginliyindən bəhs olunub.

Hazırladı:
F.ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью