GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hindistanda təhlükəli “Nipah” virusunun yayılması narahatlıq yaradıb. Xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu barədə xəbərdarlığı və xəstəliyin pandemiyaya çevrilə biləcəyini istisna etməməsi diqqət çəkib. Bu fonda sözügedən ölkədən Azərbaycana səfər edənlər haqda müzakirələr başlayıb.
Son günlər Hindistandan Azərbaycana turist və ya digər qonaqlar gəlib? Gələnlər xüsusi yoxlamadan keçirilirmi? Azərbaycandan Hindistana birbaşa aviareys varmı?
Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, bu cür viruslar potensial risk yarada bilər:
“Xüsusilə turizm sektoru belə məsələlərə həssas yanaşır və bunun müəyyən panika yaratması mümkündür. Lakin nə ÜST, nə də Ümumdünya Turizm Təşkilatı (ÜTT) mövzu barədə həyəcan siqnalı verib. Bu baxımdan vəziyyətin ciddi narahatlıq doğuracaq səviyyədə olmadığını düşünürəm. Hindistan Azərbaycana turist göndərən əsas ölkələrdən biri olub. Xüsusilə 2023 və 2024-cü illərdə bu istiqamətdə önəmli artım müşahidə edilib. Belə ki, 2023-cü ildə Hindistandan Azərbaycana təxminən 117 min turist gəlmişdisə, 2024-cü ildə bu rəqəm iki dəfədən çox artaraq 243 minə yaxınlaşıb. Lakin Hindistan-Pakistan arasında yaranan gərginlik, qısamüddətli müharibə şəraiti və Azərbaycan-Pakistan dostluğu fonunda Hindistan bazarında Azərbaycana səfərlərlə bağlı mənfi çağırışlar müşahidə edilib. Nəticədə 2025-ci ildə Hindistandan ölkəmizə gələn turistlərin sayı təxminən 30 faiz azalıb.
Buna baxmayaraq, həmin il Azərbaycana 150 mindən çox hindistanlı turist səfər edib. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 30 faizlik azalma deməkdir. Ümumilikdə regionlarda baş verən gərginliklər Hindistan-Pakistan qarşıdurması, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişələr Azərbaycanın əsas turizm bazarlarına mənfi təsir göstərir. Bu amillər ölkəyə gələn turistlərin sayında azalmaya səbəb olur. Rəsmi statistikaya əsasən, 2025-ci ildə turizm göstəricilərində təxminən 2 faiz azalma qeydə alınıb”.
Ceyhun Aşurov
Ekspert bildirib ki, təhlükəli hallar yarandığı təqdirdə aidiyyəti dövlət qurumları müvafiq hazırlıq tədbirləri görür:
“Riskli ölkələrdən gələn turistlərə xüsusi nəzarət tətbiq olunur və zərurət olduqda əlavə yoxlamalar da aparılır. Azərbaycandan Hindistana səfər edənlərin sayı elə də yüksək deyil. Statistikaya görə, 2025-ci ildə Azərbaycandan Hindistana təxminən 5,7 min nəfər gedib. 2024-cü ildə bu göstərici 4,4 min nəfər olub. Bu səfərlər əsasən işgüzar məqsədlər və müəyyən tədbirlərlə bağlı həyata keçirilir. Hindistan 1,4 milyarddan çox əhalisi olan və dünyada böyük turizm potensialına malik bazardır. Hətta əhali sayına görə Çini də geridə qoyur. Buna görə də Hindistan çox ciddi turizm bazarı hesab olunur. Ölkələr arasında turist axınına birbaşa aviareyslər, viza prosedurlarının sadələşdirilməsi və əlverişli qiymətlər mühüm təsir göstərir. Son dövrlərə qədər Azərbaycandan Hindistanın iki şəhərinə birbaşa reyslər mövcud idi. Son məlumata görə isə Bakı-Dehli istiqamətində həftədə bir dəfə birbaşa uçuş həyata keçirilir və bu reys aktiv olaraq qalır”.
Ləman İmran
Globalinfo.az