Dünyanın dini xəritəsi dəyişir: İslam xristianlığı geridə qoyacaq

19.11.2026

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Dünyada dini mənsubiyyət üzrə demoqrafik mənzərənin dəyişəcəyi gözlənilir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin "Pew" Araşdırma Mərkəzinin yeni proqnozuna görə, 2035-ci ildə müsəlmanların sayı xristianları geridə qoyaraq İslamı dünyanın ən böyük dini edəcək.

Noyabrın 18-də açıqlanan araşdırmada 2020–2070-ci illər üzrə 201 ölkə və bölgənin demoqrafik göstəriciləri təhlil olunub. Hesablamalarda doğum və ölüm səviyyəsi, əhalinin yaş strukturu, miqrasiya və din dəyişmə halları nəzərə alınıb.

Proqnoza əsasən, 2035-ci ildə dünyada müsəlmanların sayı 2,57 milyarda, xristianların sayı isə 2,52 milyarda çatacaq. Bu dəyişiklikdə əsas rol müsəlman əhali arasında doğum səviyyəsinin daha yüksək olması və gənc əhalinin çoxluğu ilə əlaqələndirilir.

Müsəlman qadınlar arasında doğum göstəricisi daha yüksəkdir

Araşdırmaya görə, 2020–2025-ci illərdə müsəlman qadınlarda orta doğum göstəricisi 3,1 uşaq olub. Xristian qadınlarda bu rəqəm 2,5, digər dinlərə mənsub qadınlarda isə 1,6 təşkil edib.

Mütəxəssislər bildirirlər ki, müsəlman əhalinin daha gənc olması da artım tempini sürətləndirir. Belə ki, doğum yaşında olan qadınların sayının çoxluğu gələcək illərdə əhali artımına təsir göstərəcək.

2070-ci ildə müsəlmanların sayı 3,64 milyara çatacaq

Pew Araşdırma Mərkəzinin hesablamalarına görə, 2070-ci ildə dünyadakı müsəlmanların sayı 3,64 milyara yüksələcək. Bu, 2020-ci illə müqayisədə təxminən 80 faizlik artım deməkdir.

Eyni dövrdə xristian əhalinin sayının 2,27 milyarddan 2,96 milyarda çatacağı gözlənilir. Beləliklə, 2070-ci ildə müsəlmanlar dünya əhalisinin 36 faizini, xristianlar isə təxminən 29 faizini təşkil edə bilər.

Hindistanda hindu əhalisi artacaq

Araşdırmada hindu əhalisinin gələcək göstəriciləri də diqqət çəkir. 2070-ci ilədək dünyadakı hinduların sayının 17 faiz artaraq 1,29 milyarda çatacağı proqnozlaşdırılır. Lakin dünya əhalisinin daha sürətlə artması səbəbindən hinduların ümumi əhali içərisindəki payı azalacaq.

Hazırda dünya hindularının təxminən 95 faizi Hindistanda yaşayır. Bu ölkə gələcəkdə də ən çox hindu əhalisinin yaşadığı dövlət olaraq qalacaq.

Buddist əhalinin sayında isə azalma gözlənilir. Çin, Yaponiya və Cənubi Koreyada aşağı doğum səviyyəsi və əhalinin azalması səbəbindən 2070-ci ilədək dünyadakı buddistlərin sayının 23 faiz azalacağı proqnozlaşdırılır.

Xristianlığın əsas demoqrafik mərkəzi Afrika olacaq

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də xristian əhalinin coğrafi bölgüsünün dəyişməsidir.

Avropada xristianların sayının azalacağı, Saxaradan cənubda yerləşən Afrika ölkələrində isə artacağı gözlənilir. Proqnoza görə, 2070-ci ildə dünya xristianlarının 54 faizi bu regionda yaşayacaq. Avropanın dünya xristian əhalisindəki payı isə 22 faizdən 11 faizə enəcək.

Bu dəyişiklik ölkələrin sıralamasına da təsir göstərə bilər. Konqo Demokratik Respublikasında xristianların sayının 2070-ci ildə 299 milyona çatacağı və ölkənin ABŞ-ı geridə qoyaraq dünyada ən çox xristianın yaşadığı dövlətə çevriləcəyi gözlənilir.

Günel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью