Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, fevralın 5-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən ermənilərin məhkəməsi baş tutacaq. İctimaiyyətin də diqqətlə izlədiyi bu prosesdə xalqımıza qarşı ağır cinayətlərdə ittiham olunan şəxslər haqda qərar veriləcəyi, onların layiqli cəza alacağı gözlənilir. Ekspertlər bu prosesi dünya tarixində nadir rast gəlinən proses hesab edirlər.
İstər Birinci Qarabağ müharibəsində, Xocalı soyqırımında, istərsə də 44 günlük müharibədə ölkəmizə, xalqımıza qarşı çoxsaylı cinayətlər törətmiş hərbi canilərin ədalətə və beynəlxalq normalara uyğun istintaqa cəlb edilməsi hərbi-siyasi iradənin növbəti təsdiqi kimi dəyərləndirilir.
Rəsmi Bakı beynəlxalq təzyiqlərə baxmayaraq buna necə nail oldu?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov xatırladıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror əməliyyatları nəticəsində öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi:
“Bununla da, Azərbaycan İkinci Dünya müharibəsindən sonra bir münaqişəni açıq və tam qələbə ilə başa çatdıran nadir ölkələrdən biri statusunu qazanıb. Biz öz gücümüz, potensialımız hesabına ölkəmizə qarşı işğal və hərbi cinayətlər törətmiş şəxslərin bir qismini həbs edərək mühakimə edirik. Bakıda keçirilən bu məhkəmə prosesi artıq yekunlaşmaq üzrədir və cinayətlərdə iştirak etmiş şəxslər layiq olduqları cəzaya çatacaqlar. Qeyd etmək lazımdır ki, hazırda mühakimə olunanlar bu cinayətlərdə iştirak etmiş şəxslərin yalnız bir hissəsidir, digərləri isə hələlik məhkəmə prosesinə cəlb edilməyib”.
Oqtay Qasımov
Politoloq bildirib ki, bütün bu addımları Azərbaycan dövləti beynəlxalq hüquqa uyğun, müstəqil siyasi iradə nümayiş etdirərək atıb:
“Azərbaycan beynəlxalq təzyiqləri nəzərə alaraq onlara ciddi şəkildə müqavimət göstərib və hüquqi əsaslarla bu təzyiqləri neytrallaşdırmağa nail olub. Bu qələbənin və qeyd olunan məhkəmə proseslərinin həyata keçirilməsinin əsas amili isə Azərbaycan xalqının, cəmiyyətinin, dövlətin və hakimiyyətin birliyi, həmrəyliyidir. Məhz bu birlik və siyasi iradə ölkəmizi bu mühüm nəticələrə gətirib çıxarıb”.
Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Ləman İmran
Globalinfo.az