Dünyanın diqqəti Əbu Dabidə Rusiya Ukrayna ABŞ bir araya gəlir

23.01.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüşəcəklər.

525.az xəbər verir ki, bu barədə Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib.

Moskvada jurnalistlərə açıqlama verən Uşakov Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndə heyəti ilə görüşünü şərh edib. O, ABŞ nümayəndə heyətinin tərkibinə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, eləcə də Jared Kuşner və ABŞ Federal Satınalmalar Xidmətinin komissarı Coş Qrüenbaumun daxil olduğunu bildirib və təxminən 4 saat davam edən görüşün konstruktiv, səmimi və etibarlı alındığını söyləyib.

Uşakov bildirib ki, ABŞ nümayəndələri Tramp və Zelenski arasında Davosda keçirilən görüş və dekabr-yanvar aylarında Avropada aparılan danışıqlarla bağlı təəssüratlarını və qiymətləndirmələrini bölüşüblər. Görüşdə ABŞ tərəfi ilə əldə olunan razılaşmalarla bağlı isə Uşakov deyib:

“Təhlükəsizlik məsələlərinə dair üçtərəfli işçi qrupunun ilk iclası bu gün Əbu-Dabidə keçiriləcək. Üçtərəfli işçi qrupuna Rusiya, ABŞ və Ukraynadan nümayəndələr daxildir”.

Bu görüşdə iştirak edəcək Rusiya nümayəndə heyətinə Baş Qərargah Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukovun başçılıq edəcəyini qeyd edən Uşakov, Əbu-Dabidə Rusiya və ABŞ iqtisadi qruplarının rəhbərlərinin də görüşəcəyinə işarə edib. Uşakov ABŞ tərəfinin bu görüşlərin baş tutması üçün əlindən gələni etdiyini vurğulayıb və deyib:

"Ərazi problemini həll etmədən böhranın uzunmüddətli həlli haqqında düşünməyin mənası yoxdur. Bu, Putinin amerikalılarla görüşündə də vurğulanıb. Putinin də dediyi kimi, biz Ukrayna böhranının siyasi və diplomatik yollarla həllinin tərəfdarıyıq. Lakin bu, baş tutmayınca, Rusiya bu məqsədə hərbi yolla nail olmağa davam edəcək. Özü də Rusiya ordusunun strateji təşəbbüsə malik olduğu münaqişə zonasında”.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью