Dünyanın ən böyük binasının tikintisinə stop qoyuldu

29.01.2026

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ər-Riyadda inşa edilməsi planlaşdırılan və “dünyanın ən böyük binası” adını alacağı gözlənilən “Mukaab” layihəsində işlər dayandırılıb.

KONKRET.az xəbər verir ki, rəsmilər layihənin xərclərini və iqtisadi əsaslandırılmasını yenidən nəzərdən keçirirlər.
Son illərdə meqa layihələri ilə tez-tez gündəmə gələn Səudiyyə Ərəbistanında daha bir iddialı təşəbbüs qeyri-müəyyən mərhələyə keçib. Paytaxt Ər-Riyadda ucaldılması planlaşdırılan və qlobal miqyasda böyük səs-küy yaratması gözlənilən “Mukaab” layihəsi tamamilə ləğv edilməyib, lakin maliyyələşmə və həyata keçirilə bilmə imkanları yenidən qiymətləndirilir.

“Mukaab” ənənəvi göydələn anlayışından xeyli kənara çıxan dizayna malik idi. Təxminən 400 metr hündürlüyündə planlaşdırılan bina uzunluq və en baxımından da eyni ölçülərə çatacaqdı. Nəticədə ortaya nəhəng bir kub çıxmalı idi. Hesablamalara görə, bu binanın içinə nəzəri olaraq 20 ədəd “Empire State” binası sığa bilərdi. Bu xüsusiyyəti ilə “Mukaab” yalnız hündürlüyünə görə deyil, həcminə görə də “dünyanın ən böyük binası” titulunu hədəfləyirdi.

Binanın xarici fasadı ənənəvi İslam memarlığından ilhamlanaraq dizayn edilmişdi. Daxilində isə təxminən 2 milyon kvadratmetr istifadə sahəsi nəzərdə tutulurdu. Üstəlik, binanın tam mərkəzində burğu formasında yüksələn ayrıca bir qüllə də planlaşdırılmışdı. Açığı, kağız üzərindəki mənzərə olduqca iddialı idi.

Layihədə 2024-cü ilin sonlarına doğru mühüm mərhələ geridə qalmışdı. Tikinti sahəsində təxminən 10 milyon kubmetr torpaq çıxarılmış, bünövrə və infrastruktur işləri böyük ölçüdə tamamlanmışdı. Lakin məhz bu mərhələdə proses dayandırıldı. Hazırda sahədəki bütün fəaliyyətlərə müvəqqəti olaraq stop qoyulub.

Təkcə “Mukaab” deyil, onun mərkəzində yer aldığı “Yeni Murabba” bölgəsinin ümumi vaxt cədvəli də dəyişdirilib. Bölgənin tamamlanma tarixi 2030-dan 2040-cı ilə ertələnib.

Analitiklərin hesablamalarına əsasən, “Yeni Murabba” layihəsinin ümumi dəyəri təxminən 50 milyard dollar təşkil edir.

Qeyri-rəsmi mənbələrə görə, Səudiyyə Ərəbistanı son dövrlərdə nümayişkaranə memarlıq layihələrinə ayırdığı vəsaitləri azaltmağa başlayıb. Ölkənin diqqəti daha çox “2034 Dünya Kuboku” hazırlıqlarına və “Qiddiya” kimi turizm layihələrinə yönəlib. Neft qiymətlərinin iddialı transformasiya planlarını maliyyələşdirəcək səviyyədə olmaması da bu istiqamət dəyişikliyində mühüm rol oynayır.

Oxşar vəziyyət “Trojena” layihəsində də müşahidə olunur. Burada keçirilməsi planlaşdırılan “2029 Asiya Qış Oyunları” müddətsiz olaraq təxirə salınıb. Yəni “Mukaab” tək deyil.

Ümumi mənzərə göstərir ki, külək meqa layihələrin əleyhinə əsir.

Bununla belə, Səudiyyə Ərəbistanındakı bütün iri layihələr dayandırılmayıb. Dünyanın ən hündür binası olacağı gözlənilən “JEC Tower” layihəsinin tikintisi sürətlə davam edir.

Eyni zamanda, miqyası xeyli kiçildilsə də, xətti şəhər konsepsiyası olan “The Line” layihəsində də sahə işləri davam etdirilir.

Ağagül Mürsəlov,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью