Dünyanın ən böyük fondları: Kapital onların əlindədir

18.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dünya iqtisadiyyatında dövlətlərin mövqeyi yalnız malik olduqları təbii sərvətlər, istehsal gücü və ümumi daxili məhsulun həcmi ilə müəyyənləşmir.

Ölkələrin topladığı maliyyə ehtiyatları, beynəlxalq bazarlara yatırdığı investisiyalar və gələcək nəsillər üçün formalaşdırdığı kapital da onların qlobal iqtisadi nüfuzunun əsas göstəricilərindəndir. 

"Cebheinfo.az" xəbər verir ki, son illərdə bir sıra dövlətlərin investisiya fondlarının aktivlərinin trilyonlarla dollara çatması isə dünya maliyyə sistemində dövlət kapitalının rolunu daha da artırıb.

İspaniyanın IE Universitetinin 2026-cı ildə açıqladığı Sovereign Wealth Funds Report 2026 hesabatına əsasən, dünyada 109 suveren investisiya fondu ümumilikdə 15,1 trilyon dollarlıq aktivləri idarə edir. Bu göstərici əvvəlki hesabat dövrü ilə müqayisədə təxminən 2 trilyon dollar və ya 14 faiz artım deməkdir. 

Dünyanın ən böyük dövlət investisiya fondlarından biri Norveçin Dövlət Pensiya Fondudur. Fondun 2025-ci ilin sonuna aktivlərinin ümumi dəyəri 21,268 trilyon Norveç kronuna çatıb. Bu, təxminən 2,1 trilyon ABŞ dollarına bərabərdir. Fondun investisiyalarının 71,3 faizi səhmlərə, 26,5 faizi istiqrazlara, qalan hissəsi isə daşınmaz əmlak və bərpa olunan enerji infrastrukturuna yönəldilib.

Norveç fondunun 2025-ci ildə investisiyalardan əldə etdiyi gəlirlilik 15,1 faiz təşkil edib. İl ərzində fondun gəliri 2,362 trilyon kron olub. Dövlət investisiya fondlarının maliyyə imkanları baxımından Birləşmiş Ərəb Əmirlikləri, Çin, Səudiyyə Ərəbistanı və Sinqapur da diqqət çəkən ölkələr sırasındadır. IE Universitetinin hesabatına görə, 2026-cı ilin aprelində Çin İnvestisiya Korporasiyasının aktivləri 1,57 trilyon dollar, Abu-Dabinin ADIA fondunun aktivləri isə 1,19 trilyon dollar təşkil edib.

Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) aktivləri də dünyanın ən böyük suveren fondları arasındadır.
Dövlətlərin maliyyə gücünü daha geniş əhatə edən digər reytinqdə isə mərkəzi bank ehtiyatları, suveren investisiya fondları və dövlət pensiya fondlarının aktivləri birlikdə hesablanır. Sovereign Investors İnstitutunun 2026-cı ilin mart ayına olan məlumatına görə, bu göstəricidə ABŞ 13,27 trilyon dollarla birinci, Çin 8,47 trilyon dollarla ikinci, Yaponiya 3,86 trilyon dollarla üçüncü yerdədir. BƏƏ 3,08 trilyon dollarla dördüncü, Norveç isə 2,34 trilyon dollarla beşinci yerdə qərarlaşıb. 

Bu fondların əsas məqsədi yalnız gəlir əldə etmək deyil. Onlar dövlətlərin maliyyə ehtiyatlarını qorumaq, iqtisadi böhranlar zamanı əlavə resurs yaratmaq, gələcək nəsillər üçün sərvət toplamaq və strateji sahələrə uzunmüddətli investisiyalar yatırmaq funksiyasını daşıyır.

Beləliklə, suveren investisiya fondlarının aktivlərinin artması dövlətlərin qlobal maliyyə bazarlarında rolunun gücləndiyini göstərir. Bununla yanaşı, bu vəsaitlərin hansı sahələrə yönəldilməsi, ölkələrin gələcək iqtisadi dayanıqlığı və beynəlxalq investisiya münasibətləri baxımından xüsusi əhəmiyyət daşıyır.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью