Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"COP-29 İT departamenti nəhəng infrastruktur kimi COP-29 tədbirini informasiya texnologiyaları, audiovizual avadanlıqlar və həllər, xüsusi işıqlandırma və videomüşahidə sistemləri ilə təmin edir".
Sfera.az xəbər verir ki, bu barədə COP-29 İT departamentinin direktoru Cavid Hüseynov detallı məlumat verib.
COP-29 əməliyyat şirkətinin rəsmisi təmsil etdiyi komandaya yüksək keyfiyyətli xidmətin təminatı üçün Azərbaycanda və xaricdə keçirilən böyük tədbirlərin təşkilində təcrübəsi olan azərbaycanlı mütəxəssislərin cəlb edildiyini bildirib: "Komandada texnologiya istiqamətində "Cisco", "Microsoft", "Xerox", "Barco", "Huawei", "Avigilon" və "HP" kimi aparıcı dünya şirkətləri yaxından iştirak edir.
BMT-nin tələblərinə uyğun olaraq data mərkəzləri qurulub və fərqli istiqamətlərdən dayanıqlı və yüksəksürətli internet təmin edilib.
Stadion sahəsi və yeni qurulmuş infrastruktur nəzərə alınaraq tədbir məkanında ümumilikdə 130 min m² ərazini əhatə edən simsiz və 6200-dən çox nöqtəni birləşdirən simli şəbəkə qurulub.
Bu infrastrukturu ərsəyə gətirmək üçün isə 1100 km-dən çox kabel və optik xətlər çəkilib.
Tədbir zamanı audiovizual həllər çərçivəsində ümumi sahəsi 700 m²-dən geniş videodivar qurulub.