Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Pekin, 2 fevral, AZƏRTAC
Çində şərq ölkələrinin ay təqvimi üzrə yeni il və ya başqa adı Yaz festivalı olan bayramla əlaqədar səyahət mövsümü başlayıb.
AZƏRTAC xəbər verir ki, 40 günlük səyahət mövsümündə Çində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9,5 milyard səyahətin reallaşacağı gözlənilir.
Proqnozlara əsasən səyahətlərin təxminən 80 faizi (7,6 milyard nəfər) fərdi avtomobillərlə, 540 milyonu qatarla, 95 milyon isə hava nəqliyyatı il reallaşacaq. Hər üç nəqliyyat növü üzrə gündəlik rekord qeydə alınacağı gözlənilir.
Qeyd edək ki, yeni ilin başlamasından 15 gün əvvəl ölkədə səyahət dövrü başlayır. Bu il miladi təqvimlə fevralın 17-nə təsadüf edən Ay yeni ili rəmzi olaraq ailə vəhdəti bayramı hesab olunur. Əhalinin böyük hissəsi doğmalarını ziyarət etməyə, habelə istirahət üçün digər bölgələrə səyahətə gedirlər. Elə bu səbəbdəndir ki, festival ərəfəsində və bayram günlərində nəqliyyatda böyük sıxlıq müşahidə olunur. Bu, dünyada ölkədaxili ən böyük səyahət mövsümü hesab olunur. Daxili səyahətlərlə yanaşı xarici ölkələrə də səfərlərin sayı çoxalır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin