Dünyanın ən çox maaş alan qadın futbolçusu

23.01.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin "Vaşinqton Spirit" klubunda çıxış edən Triniti Rodman İspaniya millisinin ulduzu Aitana Bonmatini geridə qoyaraq dünyanın ən yüksək ödənişli qadın futbolçusu statusuna yiyələnib. Sport24.az xəbər verir ki, bu rekord göstərici Milli Qadın Futbol Liqasının (NWSL) tətbiq etdiyi yeni "Yüksək Təsirli Oyunçu" (High Impact Player) qaydası sayəsində mümkün olub.

Sözügedən qayda klublara xüsusi istedada malik oyunçular üçün müəyyən edilmiş 1 milyon dollarlıq ümumi maaş limitini keçməyə icazə verir. Beləliklə, klubu ilə bağladığı yeni - 3 illik müqavilə Rodmanı dünya futbolunun ən çox qazanan qadın futbolçusuna çevirib. Gənc hücumçu yeni müqaviləyə əsasən, bonuslar da daxil olmaqla ildə 2 milyon dollar əldə edəcək.

2025-ci ildə NWSL-də əməkhaqqı limiti hər komanda üçün 3,5 milyon dollar idi.

Triniti Rodman məşhur sabiq basketbolçu Dennis Rodmanın qızıdır. O, həm klub, həm də ABŞ milli komandası səviyyəsində göstərdiyi performansla son illərin ən parlaq ulduzlarından hesab olunur.

Qeyd edək ki, o, 2022-ci ildə debüt etdiyi ABŞ millisində indiyədək 47 oyun keçirib və 11 qol vurub. Bu komandanın qızıl medal qazandığı Paris-2024 Yay Olimpiya Oyunlarında üç qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью