Dünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?

21.11.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan “World Cheese Awards 2026”nın nəticələri açıqlanıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqənin qalibi özünəməxsus qoz dadı ilə seçilən Fransa pendiri olub. Bu pendir öz kateqoriyasında ilk dəfə ən yüksək mükafata layiq görülüb. Pendir istehsalı sahəsində “Oskar” mükafatı ilə müqayisə edilən “World Cheese Awards” müsabiqəsinə bu il 45 ölkədən 5330 pendir nümunəsi təqdim olunub.

Məhsulları 270 mütəxəssisdən ibarət münsiflər heyəti qiymətləndirib. Onların arasında pendir satıcıları, satınalma mütəxəssisləri, jurnalistlər, istehsalçılar və pendirin yetişdirilməsi üzrə ixtisaslaşmış ekspertlər yer alıb. Hər bir pendir nümunəsi xarici görünüşünə, quruluşuna, qoxusuna və dadına görə qiymətləndirilib. Müsabiqənin ilk pillələrində əsasən pendir istehsalında qədim ənənələrə malik İspaniya, İtaliya, İsveçrə və Fransa təmsilçiləri üstünlük təşkil ediblər. Bununla yanaşı, Türkiyə, Yaponiya, Braziliya, Hindistan və Meksikadan olan istehsalçılar da yarışmada iştirak ediblər.

Böyük Britaniya təmsilçiləri isə bu dəfə əlverişsiz vəziyyətlə üzləşiblər. İspaniyanın Kordova şəhərində keçirilən müsabiqəyə bu ölkədən qatılan iştirakçıların əksəriyyəti gecikdiyindən onların məhsulları qiymətləndirmədən kənarda qalıb.

Dünyanın ən dadlı pendiri hansıdır?

Gərgin rəqabətə baxmayaraq, əsas mükafatı Fransanın Yura bölgəsində istehsal olunan, dağ pendirləri qrupuna aid sərt “Komte” (Comté) pendiri qazanıb. Bu pendir İsveçrənin Alp dağlarında hazırlanan pendirləri və Fransanın qoyun südündən istehsal olunan pendir növlərini geridə qoyaraq birinci yerə yüksəlib. İspaniyalı pendir mütəxəssisi və münsiflər heyətinin üzvü Rafael Dominqes “The Telegraph” nəşrinə açıqlamasında qalib pendirin görünüşü, ətri və zəngin dadı ilə onu heyrətləndirdiyini bildirib.

“Pendirin xarici görünüşü çox cəlbedici idi. Ətri gözlənildiyi kimi zəngin, bulyonu xatırladan çalarlara malik idi. Lakin məni ən çox onun dadı valeh etdi. Burada çoxsaylı dad çalarları hiss olunurdu. Möhtəşəm qoz və ədviyyat notlarından sonra təxminən iki dəqiqə davam edən güclü umami dadı ortaya çıxırdı”, - deyə ekspert bildirib. Dominqes müsabiqədə İspaniya pendirinin qalib gəlməsini arzuladığını da gizlətməyib. Bununla belə, o, nəticədən razı qaldığını vurğulayıb. “Bu, həqiqətən də möhtəşəm pendirdir”, - deyə mütəxəssis əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью