Dünyanın ən dəyərli yarımkeçirici şirkətləri

27.11.2026

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Süni intellekt prosessorlarından qabaqcıl çip istehsalı avadanlıqlarına qədər geniş sahəni əhatə edən yarımkeçirici sənayesinin ümumi bazar kapitallaşması hazırda 15 trilyon dolları ötür.

Banco.az xəbər verir ki, CompaniesMarketCap-ın 2026-cı ilin noyabr ayına olan məlumatları əsasında hazırlanan siyahıda dünyanın ən dəyərli yarımkeçirici şirkətləri yer alıb.

Buraya səhmləri birjada satılan çip istehsalçıları, avadanlıq təchizatçıları və proqram təminatı şirkətləri daxildir. Samsung və Broadcom kimi bir neçə sahədə fəaliyyət göstərən şirkətlərin dəyəri də ümumi biznes əməliyyatları nəzərə alınmaqla hesablanıb.

İlk üçlükdə hesablama ekosisteminin fərqli istiqamətlərində fəaliyyət göstərən Nvidia, TSMC və Broadcom qərarlaşıb. Nvidia yüksək məhsuldarlıqlı prosessorlar hazırlayır, TSMC qabaqcıl çiplərin istehsalı ilə məşğul olur, Broadcom isə xüsusi yarımkeçiricilər və şəbəkə texnologiyaları təqdim edir.

Dünyanın ən dəyərli yarımkeçirici şirkəti olan Nvidia-nın bazar kapitallaşması 3,8 trilyon dollardır. Bu göstərici TSMC və Broadcom-un ümumi bazar dəyərindən də yüksəkdir.

2026-cı ilin noyabr ayına olan məlumata əsasən, dünyanın ən dəyərli yarımkeçirici şirkətləri belə sıralanır:

Nvidia (ABŞ) – 3 767,2 milyard dollar TSMC (Tayvan) – 1 957,5 milyard dollar Broadcom (ABŞ) – 1 589,9 milyard dollar Samsung (Cənubi Koreya) – 967,1 milyard dollar AMD (ABŞ) – 833,7 milyard dollar Micron Technology (ABŞ) – 823,2 milyard dollar SK Hynix (Cənubi Koreya) – 596 milyard dollar ASML (Niderland) – 548,3 milyard dollar CXMT (Çin) – 406,8 milyard dollar Intel (ABŞ) – 296,6 milyard dollar

ABŞ şirkətləri bazar kapitallaşmasına görə lider olsa da, qabaqcıl çip istehsalının böyük hissəsi Asiyadakı şirkətlərdən asılıdır. Regionun ən böyük oyunçusu Tayvanın TSMC şirkətidir. Onu Cənubi Koreyanın Samsung və SK Hynix şirkətləri izləyir. Bu müəssisələr prosessor istehsalından tutmuş müasir yaddaş texnologiyalarına qədər qlobal təchizat zəncirində mühüm rol oynayır.

TSMC-nin əsas fərqi digər istehsalçılardan fərqli olaraq öz markası altında rəqib çiplər satmaması, müştərilərinin hazırladığı çipləri istehsal etməsidir. Bu model müxtəlif çip dizaynerlərinə eyni istehsalçı ilə əməkdaşlıq etmək imkanı yaradır. Yaddaş texnologiyaları da süni intellekt sənayesi üçün xüsusi əhəmiyyət daşıyır. Süni intellekt prosessorlarının böyük həcmdə məlumatlara sürətli çıxışa ehtiyacı yüksək ötürmə qabiliyyətli yaddaş sistemlərinə tələbatı artırır. Bu tendensiya SK Hynix kimi yaddaş istehsalçılarının bazardakı mövqeyini gücləndirir.

Avropa şirkətləri sənayenin ümumi bazar kapitallaşmasının 10 faizindən az hissəsini təşkil edir. Buna baxmayaraq, region qlobal çip istehsalı üçün vacib texnologiyalara sahibdir.

Niderlandın ASML şirkəti 548,3 milyard dollarlıq bazar kapitallaşması ilə Avropanın ən dəyərli şirkətlərindən biridir. O, ekstremal ultrabənövşəyi (EUV) litoqrafiya sistemlərinin dünyada yeganə istehsalçısıdır. Bu avadanlıqlar qabaqcıl yarımkeçiricilərin istehsalı zamanı son dərəcə kiçik ölçülü sxemlərin yaradılmasında istifadə olunur.

Yarımkeçirici sənayesində bazar dəyərinə görə ABŞ şirkətləri üstünlük təşkil etsə də, bu sahənin inkişafı müxtəlif ölkələrdə fəaliyyət göstərən ixtisaslaşmış istehsalçıların texnologiyalarından asılıdır. ABŞ, Asiya və Avropa şirkətləri qlobal çip təchizat zəncirinin fərqli, lakin bir-birini tamamlayan hissələrini formalaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью