Dünyanın ən güclü gəmisini suya buraxıblar

29.01.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

ABŞ ilk dəfə dünyanın ən güclülərindən olan superdaşıyıcı gəmisini suya buraxıb.

Reyting.az xəbər verir ki, yeni nüvə enerjisi ilə işləyən “CVN 79 John F. Kennedy” təyyarədaşıyan gəmisi Virciniya ştatının Nevport Nevs şəhərindən ilk dəniz sınaqlarına yola düşüb.

“John F. Kennedy” Gerald R.Ford sinifinin ikinci gəmisidir. ABŞ Hərbi Dəniz Qüvvələri üçün təyyarədaşıyan gəminin inşası müqaviləsi 15 yanvar 2009-cu ildə “HII Nevport Nevs Shipbuilding” şirkətinə verilmişdi.

Gəminin 2027-ci ilin mart ayında ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Gerald R. Ford sinifli təyyarədaşıyıcılarına tez-tez superdaşıyıcılar deyilir. Onlar hazırda dünyada öz sinfinin ən güclü gəmiləridir. Bu daşıyıcıların inşası 2009-cu ildən davam edir.

Onlar Nimitz sinif daşıyıcılarının təkmilləşdirilmiş versiyası kimi dizayn edilib və yüksək dərəcədə avtomatlaşdırma səbəbindən heyət tərkibi azaldılıb. Bu da əməliyyat xərclərinin azalmasına gətirib çıxarır.

Əhəmiyyətli texnoloji yeniliklərdən biri buxar katapultlarının yeni elektromaqnit katapultları ilə əvəz edilməsidir.

Gerald R. Ford sinifli təyyarə daşıyıcıları müxtəlif növ 90-a qədər təyyarə və helikopter daşıya bilər: beşinci nəsil “F-35” qırıcıları, dördüncü nəsil F/A-18E/F Super Hornet qırıcıları, “E-2 Havkeye” havadan erkən xəbərdarlıq və idarəetmə təyyarələri, “EA-18G” elektron əks-tədbir təyyarələri, “SH-60 Seahavk” çoxməqsədli helikopterləri və PUA-lar.

Qeyd edək ki, ABŞ bu yaxınlarda yeni hipersəs raketlər daşıya biləcək təkmilləşdirilmiş “USS Zumvalt” esminesi ilk dəfə olaraq yerləşdirib. Bu, gəminin silahlanmanı təkmilləşdirmək üçün modernləşdirilməsi planlaşdırılan 2023-cü ildən bəri ilk yerləşdirməsi olub.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-nın “Qızıl Donanma”nın yaradılması çərçivəsində tamamilə yeni bir hərbi gəmi sinfi quracağını açıqlamışdı.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью