Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
2024-cü ildə “Scientific Reports” jurnalında Hindistanın Qucarat ştatındakı Panandhro mədənində aşkar edilmiş qədim ilan növü haqqında elmi məqalə dərc olunub. Təxminən 47 milyon il əvvəl, Orta Eosen dövründə yaşamış bu ilana Vasuki indicus adı verilib. Adın ilk hissəsi hindu mifologiyasında Şivanın boynuna dolanan əfsanəvi ilan Vasukinin şərəfinə seçilib. İkinci hissə isə növün aşkar edildiyi əraziyə işarə edir.
Alimlər ilanın ölçülərini necə müəyyən ediblər?
Hindistan Texnologiya İnstitutunun Rurki şəhərindəki alimləri Debajit Datta və Sunil Bajpayinin sərəncamında qədim ilana məxsus 27 fəqərə olub. Onların bir qisminin anatomik ardıcıllıqla qorunub saxlanılması paleontoloqlar üçün böyük üstünlük yaradıb.
Fəqərələrin yetkin bir fərdə aid olduğu müəyyənləşdirilib. Sümüklərin eni 11 santimetrə, uzunluğu isə təxminən 6,3 santimetrə çatıb. Fəqərələrin forması ilanın iri, silindrik bədən quruluşuna malik olduğunu göstərir.
Vasuki indicus nə qədər uzun olub?
Alimlər qədim ilanın ölçülərini müəyyənləşdirmək üçün onun fəqərələrini müasir ilanların fəqərələri ilə müqayisə ediblər. İki fərqli hesablama üsulu fərqli nəticələr verib.
Birinci üsula əsasən, ilanın uzunluğu 10,9–12,2 metr, ikinci üsula görə isə 14,5–15,2 metr arasında ola bilərdi.
Müqayisə üçün qeyd edək ki, təxminən 60 milyon il əvvəl indiki Kolumbiya ərazisində yaşamış nəhəng Titanoboa ilanının uzunluğunun 13 metrə çatdığı ehtimal olunur. Deməli, Vasuki indicus ölçülərinə görə Titanoboaya bərabər ola, hətta onu geridə qoya bilərdi.
Bununla belə, Vasuki indicusun dəqiq uzunluğu məlum deyil. Alimlərin hesablamaları qorunub saxlanmış fəqərələrin ölçülərinə əsaslanan təxminlərdir.
Nəhəng ilan necə ov edirdi?
Böyük ölçülərinə baxmayaraq, Vasuki indicusun sürətli ovçu olmadığı ehtimal edilir. Onun fəqərələrinin quruluşu nisbətən yavaş hərəkət etdiyini göstərir.
Ehtimala görə, bu nəhəng ilan ovunu pusquda gözləyir, münasib məqamda hücum edərək onu bədəninə dolanıb sıxmaqla öldürürdü. Bu ov üsulu müasir anakondaların və iri pitonların davranışını xatırladır.
Həmin dövrdə qədim Hindistanın iqlimi tropik olub, orta temperaturun təxminən 28 dərəcə Selsi təşkil etdiyi ehtimal edilir. İsti iqlim soyuqqanlı sürünənlərin yaşaması və böyüməsi üçün əlverişli şərait yaradırdı.
Vasuki hansı ilanlar ailəsinə mənsub olub?
Vasuki indicus təxminən 100 milyon il mövcud olmuş və sonradan nəsli kəsilmiş Madtsoiidae ailəsinə aid edilib. Bu ailənin digər nümayəndələri arasında Hindistanda yaşamış Madtsoia pisdurensis və Şimali Afrikada yayılmış Gigantophis garstini də var.
Alimlər nəhəng ilanların bu təkamül xəttinin Hindistan yarımadasında meydana gəlmiş ola biləcəyini düşünürlər. Hindistanın Asiya ilə toqquşmasından sonra isə onların müxtəlif ərazilərə yayılması ehtimal olunur.
Vasuki indicusun kəşfi qədim dövrlərdə ilanların hansı ölçülərə çata bildiyini və onların təkamül tarixində Hindistan yarımadasının mümkün rolunu anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu tapıntı həm də milyonlarla il əvvəl Yer kürəsində nəhəng sürünənlərin yaşadığına dair elmi sübutları zənginləşdirir.
Rəsmiyyə Şərifova,
KONKRET.az