Dünyanın ən sirli kitabı deşifrə edilir

06.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naməlum əlifba ilə yazılmış məşhur Voyniç əlyazmasının əsrlərdir deşifrə edilə bilməməsinin səbəblərindən biri müəyyənləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatçılar Kolin Leyfild və paleoqraf Liza Feyqin Devisin araşdırmasına görə, əlyazmanın səhifələri XV əsrdə yenidən tikilərək yanlış ardıcıllıqla birləşdirilib.

Bu isə mətnin və illüstrasiyaların ilkin quruluşunu pozub və sonrakı deşifrə cəhdlərini çətinləşdirib.

Yel Universitetinin Beinecke Nadir Kitab və Əlyazmalar Kitabxanasında saxlanılan əsərin perqamenti radiokarbon üsulu ilə 1404–1438-ci illərə aid edilib. Tədqiqatçılar müəyyən ediblər ki, vərəqlər əvvəlcə ayrı-ayrı qatlanmış ikiqat səhifələr şəklində olub, daha sonra XV əsrin ortaları və sonlarında yenidən tikilərək kitab halına salınıb.

Orijinal səhifə ardıcıllığını müəyyənləşdirmək üçün alimlər mətn fraqmentlərinin oxşarlıqlarını müqayisə edən semantik analizdən, mürəkkəb və kənar işarələrin instrumental araşdırılmasından, həmçinin vərəqlərdəki su ləkələrinin yerləşməsindən istifadə ediblər.

Tədqiqatçılar həmçinin Voyniç əlyazmasının tək bir “dəli dahi” tərəfindən yaradıldığı fikrinin maddi sübutlarla təsdiqlənmədiyini bildirirlər. Onların fikrincə, mövcud dəlillər əsərin daha kollektiv xarakter daşıdığını göstərir.

Alimlər hesab edirlər ki, səhifələrin düzgün ardıcıllığının bərpası əlyazmanın sirrinin açılması istiqamətində yeni imkanlar yarada bilər. Onlar əldə etdikləri məlumatları və bərpa edilmiş səhifə ardıcıllığını ictimaiyyətə təqdim etməyi planlaşdırırlar.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью