Dünyanın içində və dünyadan kənar Elman Gədikli

29.01.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


Bir qum saatının son anıyam mən

Bir itkin məzarın ünvanıyam mən

Bir doğru dünyanın yamanıyam mən

Dünya can gəzdirir, təpər qalmayıb

Bu misralar şeir olmaqdan çox varlığın öz güzgüsünə baxıb verdiyi qiymətdir. Zamanın son dənəsi olmaq sadəcə sona yaxınlıq deyil, mənanın bütün ağırlığını çiyinlərində daşımaqdır. İnsanın özünə ünvan olması yadlaşmanın ən son həddidir. Doğru bildiyi dünyanın içində kənarda qalmaq, həqiqətin mərkəzində tənha dayanmaqdır. Burada fərdin yoxluğu yox, zamanın yüklədiyi və artıq yorulmuş dünyanın nəfəsi eşidilir.

Dünya hələ yeriyir, amma ayaqlarını sürüyür; can dolaşır, amma iradə sükuta çəkilib. Elə bu ziddiyyətlərin, bu daxili aşınmanın içində formalaşan adamlardan biridir Elman Gədikli. O, zamanla dava etməyib və onunla barışıb. Mətbuatda olub, amma mətbuatın tələskənliyinə uymayıb. Hadisəni ötürən yox, hadisənin mənasını saxlayan adamlardandır. Jurnalistikanı xəbər ötürmək yox, məsuliyyət daşımaq kimi anlayıb. Onun üçün söz informasiya deyil, əmanətdir.

Şirbağırov Elman Tomar oğlu 1955-ci ildə Yardımlının Alar kəndində dünyaya gəlib. Bu fakt sadəcə bioqrafik məlumart deyil, xarakter izahıdır. Dağ yerlərində zaman asta axır, söz ölçülüb-biçilərək deyilir. Bu yavaşlıq onun danışığında da, yazısında da var. 1983-cü ildə BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra AzTV-də hərbi-vətənpərvərlik redaksiyasında çalışıb, “Hünər” və “Qəhrəmanlıq” kimi proqramların ssenarilərini yazıb. O mətnlərdə qəhrəmanlıq qışqırmırdı. Çünki həqiqi güc səs istəmir, sakit dayanmağı bacarır.

Böyük şair Məmməd Araz onun haqqında yazırdı ki, “gənc yazarlar bir vaxtlar kiməsə oxşamağı üstünlük sayırdı. Amma yamsılama bir nöqtədən sonra çıxılmazlığa aparırdı. Tam fərqlilik isə irsdən uzaq düşməkdir. Elman Gədikli bu iki uçurumun arasında öz yolunu tapmış yazarlardandır. O, süni effekt dalınca qaçmır. Yığcam yazır, konkret danışır və sözə hörmətlə yanaşır. Qarşıda onu böyük yol və böyük axtarış gözləyirdi və bu yol sükutla gedildi”.

“Azərbaycan” qəzetində keçən illər ona təkcə peşə yox, insan dərsi verdi. Müxbirlikdən redaktor müavinliyinə qədər olan yol vəzifədən vəzifəyə yox, baxışdan baxışa keçid idi. Sonralar Dövlət Teleradio Verilişləri Şirkətində, “Xəzər” redaksiyasında, SPACE və Lider TV-də çalışsa da, daxili ölçüsü dəyişmədi. Çünki insanın ölçüsü kreslo ilə yox, vicdanla müəyyən olunur.

İlahi, dərddə sevdadı

Bəlkə ən şirin sövdadı

Qəm səndən gələn qadadı

Gəl doyunca qadan alım

Nə yoxmuş ruhun baxtında

Dərd düşdü çiçək vaxtında

Bu sevdanın saatında

Gözünü yum, xoş an olum

Ruh ələkdə, can qalıb ki

Canım gözümə dolub ki

Gözdən məni kim silib ki

Canımı saxlamır əlim

Daşa çırpıram yazımı

Candan yığıram gözümü

Sözə bükürəm özümü

İcazə ver, ağa gülüm

Bu şeir insanın Tanrı ilə ticarəti deyil, dərdlə razılaşmasıdır. Burada dərd lənət yox, sınaqdır. Ruh ələkdədir, can süzülür, söz isə son sığınacaqdır. Şair yazını daşa çırpır, çünki bəzən söz də dözmür. Bu mətn təslimiyyət yox, qəbul fəlsəfəsidir.

Elman Gədikli üçün səlahiyyət hakimiyyət aləti olmayıb. Gücü özünü göstərmək üçün yox, başqasının yükünü yüngülləşdirmək üçün işlədib. Yaxşılığı üzə vurmayıb. Geri çəkilib ki, qarşısındakı özünü borclu hiss etməsin. Bu davranış çoxlarına soyuqluq kimi görünüb. Halbuki bu, etik məsafə idi, insanı insan yerində saxlamaq bacarığı.

Yığan bəlli, biçən bəlli

Qovan bəlli, qaçan bəlli

Yumruğunu açan bəlli

Karıxma, qolum, karıxma

Öz sözündən düşmə daha

Sıxılıb qırışma daha

Qanına bulaşma daha

Darıxma, dilim, darıxma

Yol başlandı, yol qeyrətdi

Son nəfəs də son fürsətdi

Cəsarət də bir qismətdi

Buraxma, əlim, buraxma

Bu şeir çağırışdır, amma başqasına yox, özünə. Burada insan öz qoluna, öz dilinə və öz əlinə səslənir. Qeyrət yolun əvvəlidir, son nəfəs son imkandır. Bu misralar daxili intizamın poetik formasıdır.

İnsan yaddaşı qəribədir. Ehtiyac zamanı xatırlayır, rahatlıq tapanda unudur. Elmanın həyatında bu hal çox yaşandı. Amma o, unudulmaqdan gileylənmədi. Çünki onun üçün yaxşılıq yaddaş yaratmaq üçün yox, vicdanı sakitləşdirmək üçün idi.

Onun şeirləri də bu düşüncənin davamıdır. Az yazır, çünki sözün məsuliyyətini bilir. Hər misra yaşanmış bir halın izidir. Burada söz bəzək deyil, yükdür. Xəstəliklə üzləşdiyi illər də oldu. Bu dövr də səs-küysüz keçdi. Çünki insan bəzi döyüşləri yalnız özü üçün aparır.

Həsrət zaman vergisiymiş

Açılmayan hörgüsüymüş

Dərd taleyin sevgisiymiş

Dərd məni tutanda bildim

Qismətimdən sazaq keçdi

Yaxın keçdi, uzaq keçdi

Qılınc kimi Araz keçdi

Boy verib batanda bildim

Qəm bir deyil, dərd bir deyil

Zalım ellər, qurd bir deyil

Ölmək olmur, yurd bir deyil

Özümə çatanda bildim

Bu şeir ölümdən yox, yaşamaqdan danışır. İnsan özünə çatmayınca ölmür. Yurd yalnız torpaq deyil, daxili məkandır. Burada Araz qılıncdır, tale sınaqdır, həsrət zamana verilən vergidir.

Bir zamanlar deyib-gülən, zarafat edən adam idi. Zaman onu ciddiləşdirdi. Amma bu sərtlik deyil, dərinlikdir. Həyat insanı qurutmur, dərinləşdirir. Elmanı da dərinləşdirdi.

2008-ci ildə “Əməkdar jurnalist” adına layiq görülməsi, “Qızıl Qələm” mükafatı onun yolunun rəsmi təsdiqi idi. Amma bu adlar onun kimliyini yaratmadı. Sadəcə artıq mövcud olanı tanıdı.

Mən ölmüşə bir gün ağla

Sevinc ağla, çin-çin ağla

Ya üstümü tez torpaqla

İçimdəki məzar çökür

Bu sonluq fəryad deyil, sükutun içindən gələn bir xəbərdarlıqdır. İnsanın içində məzar çökürsə, deməli, o hələ tam bitməyib, hələ yaşamağa müqavimət göstərir. Zamanla barışan, dünyaya məsafədən baxmağı bacaran, səsin yox, mənanın ardınca gedən bir insanın ruh halıdır bu yazı. Belə adamlar görünmürlər, amma dünyanı daşıyanlar məhz onlardır. Azdırlar və elə buna görə də dəyərlidirlər.

Samir Əsədli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью