Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının Xalq şairi, böyük mütəfəkkir və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş “Dünyanın özündən keçib zamanı içində yerləşdirən Bəxtiyar Vahabzadə” adlı monoqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Bəxtiyar Vahabzadə poeziyasının fəlsəfi, poetik və semiotik qatları müasir humanitar elmlərin qeyri-səlis məntiq, semiotika və sinergetika yanaşmaları əsasında sistemli şəkildə təhlil olunur.
Alim monoqrafiyada poeziyaya ənənəvi ədəbi-tarixi və ya sırf mətnşünas yanaşmadan fərqli olaraq, zamanı informasiya sistemi, şeiri isə dinamik, öz-özünü tənzimləyən sinergetik struktur kimi təqdim edir. Müəllif göstərir ki, Bəxtiyar Vahabzadənin poeziyasında zaman passiv axar deyil, fəal, formalaşdırıcı, mənayaratma gücünə malik poetik kateqoriyadır. İnsan isə bu zamanın içində yalnız mövcud olan deyil, zamana mənalar yükləyən, onu dəyişən və istiqamətləndirən subyektdir.
Əsərin giriş hissəsində sinergetik yanaşmanın poeziya təhlilindəki imkanları izah olunur, qeyri-səlis məntiqin bədii mətnin çoxqatlı semantikasını açmaq baxımından əhəmiyyəti əsaslandırılır.
Monoqrafiyanın ilk iki fəsli “İnsan və zaman” konseptinin fəlsəfi, ontoloji, etik və estetik əsaslarına həsr olunub. Müəllif dünya fəlsəfəsinin antik dövrdən müasir ekzistensializmə qədər zaman anlayışını sistemli şəkildə təhlil edir və bu kontekstdə Bəxtiyar Vahabzadənin poeziyasını qlobal düşüncə xəritəsinə yerləşdirir. Heraklit, Platon, Aristotel, Avqustin, Kant, Hegel, Haydegger kimi filosofların zaman konsepsiyaları ilə Vahabzadə poeziyası arasında paralellər aparılır, şairin zaman anlayışının yalnız milli deyil, ümumbəşəri fəlsəfi mahiyyət daşıdığı göstərilir.
Kitabın üçüncü və dördüncü fəsillərində “İnsan və zaman” münasibəti sinergetik model kimi təqdim olunur və zamanın xaos–nizam qarşıdurması fonunda poetik sistemə çevrildiyi vurğulanır. Alim belə bir qənaətə gəlir ki, Bəxtiyar Vahabzadə poeziyasında zaman xətti deyil, hadisələr təkrarlanan dövrlər şəklindədir, fərdi zamanla tarixi zaman toqquşur, insanın daxili zamanı ictimai zamanla konfliktə girir. Bu fəsillərdə şairin yaradıcılığı dünya poeziyası ilə müqayisəli şəkildə təhlil olunur və Vahabzadənin poetik zaman modelinin qlobal ədəbi proseslə səsləşdiyi elmi arqumentlərlə əsaslandırılır.
Nəşrin beşinci və altıncı fəsillərində müəllif poetik semiotikaya xüsusi diqqət yetirir və burada zaman anlayışının şairin dilində necə simvola, ritmik koda, metaforik işarəyə çevrildiyi təhlil olunur. Müəllif göstərir ki, Bəxtiyar Vahabzadənin poetik dili zamanı görünən və hiss edilən bir varlığa çevirir.
Kitabın VII-X fəsillərində isə monoqrafiyanın əsas problemlər dairəsi ardıcıl və konseptual şəkildə açılır. Zamanın psixoloji və sosial təzahürləri, fərdi tale ilə və milli yaddaşa təsiri, zaman-Vətən, zaman-məsuliyyət və zaman-yaddaş münasibətləri, zamanın fəlsəfi-poetik modeli, onun ölçü vahidi deyil, düşüncənin hərəkət sürəti kimi dərk edilməsi, vaxt-sürət-fikir triadası, nəhayət, zaman daxilində əxlaqi seçim problemi, susmaq və müqavimət, uzlaşma və qarşıdurma, mənəvi sınaq və tarixi taleyin müəyyənləşməsi kimi fundamental problemlər Bəxtiyar Vahabzadə yaradıcılığı əsasında sistemli təhlil edilir.
Bütövlükdə, professor Ramazan Qafarlının qeyd olunan monoqrafiyası Bəxtiyar Vahabzadə poeziyasını yalnız milli ədəbi hadisə kimi deyil, onu qlobal sinergetik poeziya sisteminin bir parçası kimi təqdim edir. Bu əsər Azərbaycan ədəbiyyatşünaslığında yeni metodoloji yanaşmanın tətbiqi, Bəxtiyar Vahabzadə irsinə orijinal baxış nümunəsi kimi diqqəti cəlb edir.
Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli monoqrafiyaya yazdığı “Ön söz”də qeyd edir ki, “Ramazan Qafarlının ilk dəfə olaraq Bəxtiyar Vahabzadənin yaradıcılığını qeyri-səlis məntiq əsasında təhlildən keçirməsi şairin ədəbiyyat təliminin həyatı əsaslarının və gələcəyə baxış nöqtələrinin ən müasir meyarlar əsasında müəyyən edilməsinə imkan yaradır. Bu mənada oxuculara təqdim olunan tədqiqat işi Bəxtiyar Vahabzadə yaradıcılığının müasir dövrün yeni yanaşmaları vasitəsilə dəyərləndirməsindən ibarət olan əhəmiyyətli ədəbiyyatşünaslıq əsəri nümunəsidir. ... Tədqiqatın akademik çəkisi ondan ibarətdir ki, bu monoqrafiya ilk növbədə Bəxtiyar Vahabzadənin və çoxcəhətli yaradıcılığının poetik-fəlsəfi kodlarını, üslubi fiqurlarını, özünəməxsus paradiqmalarını açmaqla bərabər, həm də ümumiyyətlə poetikanın zamanla, insanla, mədəniyyətlə və biliklə olan münasibətlərinin nəzəri sxemini təqdim edir. Bu mənada əsər həm ədəbi dəyərləndirmə, həm filoloji transformasiya, həm də elmi-nəzəri strategiya təəssüratı yaradır”.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyanın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə filologiya elmləri doktoru, professoru Rüstəm Kamal və filologiya elmləri doktoru Hikmət Quliyevdir.