Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ və İsrailin hücumlarına cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanının müşaviri, general İbrahim Cəbbari Hörmüz boğazının bağlandığını və keçməyə cəhd edən gəmilərə müdaxilə ediləcəyini açıqlayıb.
İran dövlət televiziyasına danışan Cəbbari bildirib ki, ABŞ və İsrailin hücumlarına cavab olaraq Hörmüz boğazından keçidlərə icazə verilməyəcək.
“Hörmüz boğazı bağlanıb. Keçməyə çalışan hər bir gəmiyə hücum edəcəyik və onu yandıracağıq. Gəmilər İnqilab Keşikçilərinin Dəniz Qüvvələri və Quru Qüvvələrindəki qəhrəmanlarımız tərəfindən məhv ediləcək.
Bu bölgəyə gəlməyin. Neftin qiyməti 82 dollara çatıb və dünya mütləq ən azı 200 dollara yüksəlməsini gözləyir. Neft kəmərlərinə də hücum edəcəyik və bölgədən bir damla belə neftin çıxmasına icazə verməyəcəyik”, - deyə Cəbbari əlavə edib.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi strateji keçiddir. Körfəz ölkələrinin ixrac etdiyi xam neft və mayeləşdirilmiş qazın böyük hissəsi məhz bu boğazdan daşınır.
Bəs Hörmüz boğazının bağlı olması qlobal bazarlar üçün hansı problemlər yarada bilər?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu Hörmüz boğazının nə zamana qədər bağlı qalacağına bağlıdır:
“Əgər tez açılacaqsa, ciddi problem olmayacaq. Hələlik bu xəbərin özü də dalğalanmalar yaradır. Bu, əsasən də neft və sıxılmış qaz bazarına aiddir və qiymətlər artır. Ancaq bu prosesin nə qədər çəkəcəyinə bağlı bir məsələdir.
Əgər çox qısa müddətli bir addım olacaqsa, böyük bir problem yaranacağını düşünmürəm. Əksinə, bu həftələrlə davam edəcəksə, təbii ki, dünya bazarında logistika, enerji daşıyıcılarının qiymətlərini kəskin artıracaq”.
Nigar Abdullayeva
“Cebheinfo.az
Açar sözlər: neft Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin