Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Vahid məktəbli geyim formasının tətbiqi məsələsinə, yalnız geyim seçimi və ya məktəblilərin zahiri görünüşü kontekstində yanaşmaq doğru deyil. Bu məsələ həm təhsil siyasəti, həm milli-mənəvi dəyərlər, həm sosial bərabərlik, həm də ailələrin və şagirdlərin hüquq və maraqları baxımından müzakirə edilməlidir”.
Bu fikirləri Gununsesi.info-ya Əbədi Turan Kitab Fondunun sədri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Filologiya elmləri doktoru Esmira Fuad deyib.
Onun fikrincə, əsas məsələ vahid geyimin özündən daha çox, onun hansı məqsədlə, hansı prinsiplər əsasında və hansı ictimai ehtiyac nəzərə alınmaqla tətbiq edilməsidir:
“Vahid məktəbli geyim məktəbdə nizam-intizamın qorunmasına, şagirdlər arasında geyimlə bağlı sosial fərqlərin ön plana çıxmamasına və təhsil mühitində vahidliyin təmin edilməsinə kömək edə bilər. Digər tərəfdən, geyimin ailələr üçün yaratdığı maliyyə yükü, şagirdlərin rahatlığı, iqlim şəraitinə uyğunluq və valideynlərin seçim imkanları da nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 saylı qərarı ilə dövlət ümumtəhsil müəssisələrində məktəbli geyimi qaydalarına dəyişiklik edilib. Yeni tələblərə görə, müəyyən edilmiş formanın vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə olunmasına yol verilmir. Milli geyimlərdən isə müvafiq məktəb tədbirlərində Pedaqoji Şuranın qərarı ilə istifadə oluna bilər”.
Esmira Fuad qərarı qiymətləndirərkən nəzərə alınmalı bir neçə məqamı sadalayıb:
“Ən əvvəl dünyəvi təhsil prinsipinin gözlənməsi vacibdir. Dünyəvilik məktəbin dini qurumların təsirindən azad olması və təhsilin dünyəvi əsaslarla təşkili deməkdir. Lakin bu prinsipin tətbiqi zamanı dünyəvi təhsil anlayışı ilə şagirdlərin fərdi hüquqları arasındakı münasibət aydın şıkildə izah edilməlidir. Qaydaların tətbiqi ayrı-seçkiliyə, heç bir halda alçaldıcı, təhqiredici münasibətə və şagirdlərin təhsildən kənarda qalmasına gətirib çıxarmamalıdır.
İkincisi, sosial bərabərliyin gözlənməsi və hüquqların qorunması məsələsi gözardı edilməməlidir. Şagirdlərin vahid geyim formasından istifadəsi onların ailələrinin maddi imkanları arasındakı (imkanlı-imkansız) fərqi azalda bilər. Ancaq sosial bərabərlik təkcə geyimlə də təmin olunmur. Keyfiyyətli təhsil, dərsliklərə çıxış, məktəb ləvazimatlarının əlçatanlığı və hər bir şagirdə bərabər münasibət də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Üçüncüsü, milli-mənəvi dəyərlərə hörmət və ehtiramın aşılanması, şagirdlərə sevdirilməsi də mühüm şərtlərdəndir. Bu baxımdan Qərarda milli geyimlərdən müəyyən tədbirlərdə istifadə imkanının saxlanılması diqqətəlayiqdir. Milli mədəniyyətin qorunması ilə dünyəvi təhsil prinsipi mütləq şəkildə əlaqələndirilməlidir. Əsas məsələ milli irsin tədris və mədəni tədbirlərdə necə təqdim olunması, eləcə də şagirdlərin hüquqlarına necə yanaşılmasıdır”.
Sonda o vurğulayıb ki, vahid məktəbli geyimi (fərqləndirici elementlərsiz) ilə bağlı müzakirələrin mərkəzində yalnız geyimin forması deyil, təhsilin keyfiyyəti, dünyəvilik prinsipləri, milli kimlik, insan hüquqları və dövlətin təhsil siyasətinin əsaslandırılması dayanmalıdır.
Şəbnəm Rəhimova