Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
''Fənərbaxça''da Con Duran ilə bağlı qeyri-müəyyənlik başa çatdı.
"Football-plus.az" xəbər verir ki, mövsümün əvvəlində böyük ümidlərlə ''Əl-Nəssr''dən transfer edilən, amma derbilərdə vurduğu vacib qollara baxmayaraq ümumilikdə ümidləri doğrultmayan kolumbiyalı hücumçu karyerasını ''Zenit''də davam etdirəcək.
''Fənər'' maaşla birlikdə 20 milyon avroya bir mövsümlük icarəyə götürdüyü 22 yaşlı futbolçunun müqaviləsini ləğv edib. Anlaşmaya görə Rusiya nəhəngi mövsümün sonuna qədər Duranı icarəyə götürüb. Ruslar icarə haqqı ödəməsə də, futbolçunun maaşının 4 milyon avrosunu ödəyəcək.
Qalan 6 milyon avronu ''Əl-Nəssr'' ödəməkdə davam edəcək. ''Zenit'' yayda bu futbolçunu daimi əsasda transfer etmək istəsə, ərəblərə 35 milyon avro ödəməli olacaq. Duran son günlər Fransa, İngiltərə klubları, eləcə də ''Yuventus''un gündəminə düşmüşdü. Ancaq o, sonda ''Zenit''ə qismət oldu.
''Fənər''də həm də legioner limitində bir boşluq yarandı və klub yeni bir əcnəbi oyunçu ala biləcək.
Türkiyə karyerasında 21 rəsmi oyuna cəmi 5 qol vuran Duran dünən ''Kocaelispor''a qarşı baş tutan oyunun iştirak ərizəsinə salınmadı. O, tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün artıq Rusiyaya yollanıb.