Düşənbə şəhərində keçirilən xeyriyyə tədbirində Tacikistandakı səfirliyimiz də iştirak edib

23.12.2024

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Tacikistan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Düşənbə şəhərindəki Milli Muzeydə  xeyriyyə yarmarkası keçirilib.

Yarmarkada Tacikistandan başqa Azərbaycan, Rusiya, Belarus, İran, Hindistan, Qazaxıstan, Çin diplomatları və digər ölkələrin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. 

Tədbirə ölkəmizin Tacikistandakı səfiri Əlimirzamin Əskərov, bu qurumun əməkdaşları da qatılıb. 

Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin yarmarkanın açılışında iştirakçıları qarşıdan gələn Yeni il münasibətilə  təbrik edərək bildirib ki, şübhəsiz sizinlə-diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri ilə keçirilən hər hansı birgə xeyriyyə təşəbbüsü  konstruktiv əməkdaşlığı nəzərdə tutur, xüsusən də ilin sonunda belə tədbirin təşkili fəaliyyətinizin məhsuldarlığını vurğulayır. Nazir Düşənbənin dost ölkələrlə tərəfdaşlığı davam etdirəcəyinə əminliyini ifadə edib.

Tacikistan sənətkarları üçün ayrılan stenddə milli üslubda çantalar, zərgərlik məmulatları, musiqi alətləri yer alıb. 

Azərbaycan stendində səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş kitablar, ölkəmiznin turizm imkanları haqqında məlumatlar nümayiş olunub, şəkərbura, paxlava və digər Azərbaycan şirniyyatları, Azərçayın məhsulları, müxtəlif şərbətlər qonaqlara təklif edilib. 

Əlimirzamin Əskərov səfirlik tərəfindən satışa çıxarılan məhsullar barədə məlumat verib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Düşənbə 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью