futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan milli komandası sabah Tacikistanla yoldaşlıq oyununa çıxacaq.
Komandalar buna qədər iki dəfə üz-üzə gəlib və hər birində yığmamız qələbə qazanıb. Tərəflərin sonuncu dueli 2007-ci ilə təsadüf edir. Düşənbədə keçirilən görüşdə millimiz 3:2 hesabıyla qalib gəlib.
Tacikistan millisinin “transfermarkt”da dəyəri 9.35 milyon avrodur. Yığma FIFA reytinqində Azərbaycandan öndədir. Millimiz 1132 xalla 126-cı, taciklər isə 1224.19 əmsalla 101-ci pillədədir.
Tacikistan yığmasına İqor Anqelovski rəhbərlik edir. O, bu ilin aprelindən komandanın “sükanı arxasındadır”. Taciklər makedoniyalı mütəxəssisin başçılığı altında 2 matçda bir qələbə qazanıb, bir heç-heçə edib. 4 qol vuran komanda 2-ni də buraxıb.
Taciklərin futbolda bu günə qədər ən böyük uğuru 2023-cü ildə Asiya Kubokunda 1/4 finala qədər irəliləməsi olub. Məhz bu nailiyyətlə onlar ilk dəfə FIFA reytinqində “100-lüy”ə daxil ola bilmişdi.
Komandanın futbolçularının 90 faizi yerli çempionatda çıxış edir. Millinin 5 üzvü legioner həyatı yaşayır. Bunlar “Turan Tovuz”da Oleq Baklov, “Rostov”da Rustam Yatimov, Bolqarıstan “Lokomotiv”ində Parvidzon Umarbayev, Özbəkistanda “Soqdiana”da Zoir Zuraboev və İndoneziyada “Persib”də forma geyinən Raxmatso Raxmatzodadır.
Komandanın ən dəyərli oyunçusu qapıçı Yatimovdur. Rusiyanın “Rostov” klubunda çıxış edən qolkiperin qiyməti 2 milyon avrodur.
Tacikistan millisi bu il 2-si rəsmi olmaqla 4 oyuna çıxıb. Asiya Kubokunda Timor-Lesteyə qalib gələn taciklər Filippinlə heç-heçə edib. Yığmanın son iki sınağı isə Hindistana qarşı olub – 1 qələbə, 1 heç-heçə.
Sabah keçiriləcək Azərbaycan – Tacikistan oyununa saat 20:00-da start veriləcək.
Şahin Cəfərov